“İxtisas seçimi ilə yanaşı, universitet seçimi də hayatımızda mühüm rol oynayır. Bakı Mühəndislik Universiteti təhsildə öz sözünü demiş, öncül universitetlərdən biridir. Düşünürəm ki, bu universitetdə arzu etdiyim səviyyədə təhsil alaraq, gələcəyin yaxşı kimya mühəndisi kimi yetişə biləcəyəm”.
Bu fikirləri Bakı Mühəndislik Universitetinə (BMU) cari tədris ilində “Kimya mühəndisliyi” ixtisasına yüksək balla (663.2) qəbul olan Fidan Paşayeva deyib. O, Bakı şəhəri Nəsimi rayonu 240 nömrəli tam orta məktəbi müvəffəqiyyətlə bitirib. Təhsil aldığı müddətdə hər zaman dərslərinə məsuliyyətlə yanaşıb və yüksək göstəricilərlə fərqlənib. Deyir ki, universitetə yaxşı balla qəbul olmaq üçün imtahanlara planlı hazırlaşıb və ailəsinin, müəllimlərinin dəstəyi ona böyük motivasiya olub: “Bakı Mühəndislik Universitetinə yüksək balla qəbul olmaq mənim üçün qürurvericidir. Müəllimlərimə və hər qərarımda yanımda olan valideynlərimə minnətdaram. Eyni zamanda təhsil müəssisələrində gözəl şərait yaradan, bu sahədə əzmlə çalışan insanlara, xüsusilə təhsilə göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə təşəkkür edirəm”.
Fidanın ən böyük hədəfi 4 il sonra BMU-nu yüksək göstəricilərlə bitirib məzun olmaq, öz ixtisası üzrə çalışmaqdır: “Seçdiyim “Kimya mühəndisliyi” ixtisası ilə çox maraqlanır və araşdırma aparırdım. Nəticədə öyrəndim ki, bu ixtisasa ölkəmizdə, eləcə də dünyada tələbat artır. Gələcəkdə bu sahə üzrə mütəxəssis olaraq fəaliyyət göstərmək, doğma Vətənimə fayda vermək istəyirəm”.
Qeyd edək ki, bu il BMU-ya üstünlük verən yüksək ballı abituriyentlərin sayında ötən illə müqayisədə iki dəfəyə yaxın artım olub. Qəbul olanların 265 nəfəri 500-dən yuxarı, 52 nəfəri isə 600-700 bal arasında nəticə göstərib.
İctimaiyyətlə əlaqələr şöbəsi