BMU Tələbə Gənclər Təşkilatı

    Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatı (TGT) 2016-cı ilin fevral ayından fəaliyyət göstərir. Tələbə Gənclər Təşkilatı Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə layihəsi əsasında yaradılıb. Tələbələrin özlərinin idarəetmə orqanı olan Tələbə Gənclər Təşkilatının əsas məqsədləri tələbələrin hüquqlarının qorunması, maarifləndirilməsi və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etməkdir. BMU TGT-nin keçirdiyi tədbirlər planı təşkilatın İdarə heyəti və üzvlərinin hazırladıqları layihələr əsasında formalaşır. Bakı Mühəndislik Universiteti Tələbə Gənclər Təşkilatının idarəetmə sistemi sədr və sədr müavinləri tərəfindən həyata keçirilir. Sədr və onun müavinlərinin işi qurulmuş sistemin davamlılığını təmin etmək, departamentlərin işlərindəki problemləri aradan qaldırmaq, TGT-nin ümumi strategiyasını müəyyənləşdirib, onun icrasına nəzarət etməkdir.

TGT-nin əsas istiqamətlər üzrə ixtisaslaşmış Departamentləri aşağıdakılardır:

Menecment departamenti

    Menecment departamenti layihələrin təşkilatçılığı və hər hansı tədbirin keçirilməsi zamanı onun idarə edilməsi funksiyasını daşıyır. Bu departamentin daxilində tələbələrdən ibarət fakültə və kafedra sədrləri fəaliyyət göstərir. Fakültə sədrləri fakültə elmi şuralarında tələbələrin adından çıxış edir. Ümumi olaraq, fakültə və kafedra sədrləri vasitəsilə TGT-nin bütün tələbələrlə əlaqəsi və eləcə də müəyyən məlumat, elan və s. informasiyaların çatdırılması təmin olunur.



Layihələr departamenti



    Adından da göründüyü kimi, bu departament layihələrlə işləyir. Layihələrin yazılması üçün sadə layihə formu yaradılır və tələbələr bu formla müraciət edərək öz layihələrini təqdim edə bilirlər. Layihələr departamentinin işi isə bu formlar arasında daha yaxşı olanları seçmək, onları bir qədər də təkmilləşdirib sədr və sədr müavinlərinə təqdim etməkdir.



İnsan resursları departamenti



    İnsan resursları departamenti TGT-nin üzvləri ilə əlaqəli məsələlərlə maraqlanır. Üzvlərin cəlb olunması, keçirilən layihələrə dəvətin təşkili, layihələrdə iştirak edən üzvlərin qeyd edilməsi və tələbələrə “Fərdi Fəaliyyət” balının verilməsi işləri bu departamentin öhdəlikləridir.



Media və dizayn departamenti

    Media və dizayn departamenti TGT-nin sosial şəbəkə hesablarının idarə olunması işini həyata keçirir. Layihə təşkil olunmazdan əvvəl onun elanı hazırlanır və tələbələrin diqqətinə çatdırılır. Bu departamentin daxilində ayrıca dizayn şöbəsi də mövcuddur. Media və dizayn departamentinin əsas vəzifəsi bütün bunları daha çox tələbəyə çatdıra bilməkdir.
 
 

Azərbaycan Tələbə Kartı (ATK) departamenti


    ATK departamenti tələbələrə Tələbə endirim kartlarının qeydiyyatı, kartların paylanılması və ATK üçün yeni sponsorların tapılması işini həyata keçirir. ATK departamenti hər gün 10:40 – 14:40 arasında tələbələri qeydiyyatdan keçirir və hazır kartları tələbələrə təqdim edir.