Beynəlxalq əlaqələr

    Bakı Mühəndislik Universitetinin (BMU) Beynəlxalq əlaqələr üzrə prorektorluğu universitetin beynəlxalq imicinin formalaşması və beynəlxalq nüfuzunun artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Missiyası akademik və administrativ mobillik imkanlarını araşdırmaqla universitet əməkdaşlarının daimi inkişafı yollarını öyrənmək və yaymaq, universitetin beynəlxalq proqram və layihələrdə rəhbər və tərəfdaş qismində iştirakını təmin etmək, beynəlxalq standartlara uyğun kadr hazırlığı, tədris-metodiki vəsaitin təminatı və elmi-tədqiqat işləri sahəsində beynəlxalq əməkdaşlıq imkanları yaratmaqla beynəlxalq əlaqələrin inkişafını həyata keçirməkdir.

    Daim yenilənən əməkdaşlıq formalarının qurulması, aktual məsələlərə həsr olunan layihələrin hazırlanması və universitetin bu kimi layihələrdə fəallığının artırılması, tanıdılması məqsədilə təşkil olunan yerli və müxtəlif beynəlxalq konfransların, seminarların, görüşlərin və digər ictimai-mədəni tədbirlərin təşkil olunması istiqamətində funksiyaları icra edən prorektorluğun tərkibində Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsi fəaliyyət göstərir. Şöbə layihələrin idarə olunması, beynəlxalq əməkdaşlıq, əcnəbi tələbə qəbulu və miqrasiya məsələləri ilə məşğul olur.

    BMU-nun beynəlxalq əlaqələri aşağıdakı kimi inkişaf etdirilir:

    Yuxarıda qeyd olunanları rəhbər tutaraq, universitet müxtəlif mübadilə proqramları vasitəsi ilə Avropa və Türkiyə universitetləri ilə əməkdaşlıq edir, dünyanın müxtəlif universitetləri ilə ikitərəfli əməkdaşlıq müqavilələri bağlamaqla müəllim və tələbə heyətinin mübadiləsi, müəssisələr arasında seminar, konfrans və akademik görüşlərin, xüsusi qısamüddətli akademik proqramların təşkili, elmi-tədqiqatların aparılması, dərc edilmiş elmi və didaktik materialların, eyni zamanda informasiya mənbələrinin mübadiləsini dəstəkləyir.

    Qeyd edək ki, qısa müddət ərzində Çin, Fransa, Finlandiya, Polşa, Rumıniya, Türkiyə, Xorvatiyadan olmaqla 10-dan çox universitetlə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

    Universitet eyni zamanda, Almaniya, İngiltərə, İtaliya, Çexiya, Portuqaliya, Rumıniya, Polşa, Türkiyə, Sloveniya və Latviyadan olmaqla 18 universitetlə Erasmus+KA1 proqramı çərçivəsində, Türkiyənin 5 universiteti ilə Mövlana mübadilə proqramı çərçivəsində əməkdaşlıq edir.

     Universitet qurulduğu gündən əməkdaşlıq etdiyi Erasmus+KA2 proqramının infrastrukturun inkişaf və təkmilləşdirilməsini, kadrların təlimini nəzərdə tutan 5 layihədə iştirak edir:

 

1. Koordinatoru Tbilisi Dövlət Universiteti olan (Gürcüstan) və 2016–2019-cu illəri əhatə edən “Ali təhsil müəssisələrində miqrasiya elmlərinə təşviq” (Promoting Migration Studies in Higher Education, PROMIG) adlı layihənin məqsədi daha əvvəl həyata keçirilən UNIMIG layihəsinin davamı olaraq ali təhsil müəssisələrində miqrasiya elmlərinə təşviqdir. Bu çərçivədə layihə tərəfdaşı olan ali təhsil müəssisələrində, o cümlədən BMU-da Avstriyanın Graz Universitetindən gələn nümayəndə heyətinin təqdimatında ikigünlük təlim keçirilib.

   1–7 iyul 2018-ci il tarixlərində eyni layihə çərçivəsində Gürcüstanın Tbilisi şəhərində bir həftəlik “Yay məktəbi” təşkil olunub. Bu tədbirdə BMU-nun 3 əməkdaşı və 2 magistratura tələbəsi iştirak ediblər.

    Layihə çərçivəsində BMU-nun bir əməkdaşı 17–23 dekabr 2018-ci il tarixində Hindistanda təşkil olunan “Qış məktəbi” adlı tədbirdə məruzəçi kimi iştirak edib. Həmin tədbirdə, həmçinin Əfqanıstanın Təbəş Universiteti üçün magistr proqramının akkreditasiyası prosesi haqqında müzakirələr aparılıb və Kabil Universitetində miqrasiya ixtisası üzrə təkmilləşdirilən tədris proqramları haqqında məruzə təqdim edilib.

   Onu da qeyd edək ki, 2019-cu ildə də bir çox tədbirlərin layihə çərçivəsində görülməsi planlaşdırılıb və BMU-nun layihə idarəetmə komandası tərəfindən işlər davam etdirilir

2. Koordinatoru Università degli Studi dell'Aquila (İtaliya) olan  və 2016–2019-cu illəri əhatə edən “Təhsildə regionlararası mobillik, keyfiyyət, uyğunluq və hər kəsə açıq sistemin qurulması” (Paving the way to interregional mobility and ensuring relevance, quality and equity of access, PAWER) adlı layihənin məqsədi tələbələrin regionlararası mobilliklərinin təmin edilməsi üçün tərəfdaş universitetlər arasında ECTS kredit sisteminin qurulması və təkmilləşdirilməsidir. 2017-ci ilin ikinci rübündə Monqolustanda (Ulan-bator şəhəri), Böyük Britaniyada (Middlesex Universiteti), Macarıstanda (Szeged Universiteti) və Polşada (Vroklav Ətraf mühit və Həyat Universiteti), keçirilən Bolonya qiymətləndirmə sistemi, proqramların beynəlxalq səviyyədə keyfiyyəti və tanınması; Avropa kredit transferi və yığımı sistemi, ECTS qiymətləndirmə sistemi, hər saata düşən kredit; mobillik razılaşmaları, tələbələrə dəstək verilməsi, mobillik siyasəti və sənədləşmələr üçün dəstək; əməkdaşların və tələbələrin mübadiləsi, “Kredit köçürmələrinin və qiymətləndirmə sisteminin tanınması” ilə əlaqədar keçirilmiş təlimlərdə BMU əməkdaşları iştirak ediblər.

   Layihə çərçivəsində bir neçə tədbir keçirilib və BMU-nun əməkdaşları həmin tədbirlərdə aktiv iştirak ediblər.

   Layihənin təqdimat və iclasları Polşanın Varşava şəhərində (27–28 fevral, 2017) Monqolustanın Ulan-bator şəhərində ( 26–27 sentyabr, 2017), “Avropada təlim” adı ilə İngiltərənin London şəhərində (noyabr–dekabr, 2017), Qazaxıstanın Almatı şəhərində (16–17 may, 2018), Tacikistanın Düşənbə şəhərində (11–12 oktyabr 2018) təşkil olunub. Onu da qeyd edək ki, 2019-cu ildə də layihə çərçivəsində bir çox tədbirlərin görülməsi planlaşdırılıb və BMU-nun layihə idarəetmə komandası tərəfindən işlər davam etdirilir.

3. “Azərbaycanda doktorantura proqramlarının Avropa ali təhsil müəssisələrinin tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi” - Erasmus+KA2, Restructuring and development of doctoral studies in Azerbaijan in line with requirements of European higher education area, NIZAMI kimi layihələrin iştirakçısıdır. 2015–2018-ci illəri əhatə edən layihənin koordinatoru University of Montpellierdir (Fransa). Layihənin məqsədi Azərbaycanda doktorantura təhsil sisteminin Avropa ali təhsilinə və Bolonya sisteminə uyğun şəkildə reform edilməsi, islahatların aparılmasıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, ölkənin 9, eləcə də Avropanın 5 aparıcı ali təhsil müəssisəsinin iştirak etdiyi “NİZAMİ” layihəsinin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarına yenidən baxılması, bu təhsil səviyyəsində keyfiyyətin təminatına və beynəlmiləlləşdirilməsinə nail olması, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi və ölkə üzrə doktorantura təhsilini həyata keçirən təhsil müəssisələrini birləşdirən milli portalın yaradılmasından ibarətdir. Eyni zamanda, doktorant və dissertantların müdafiəyə qədər və müdafiə prosedurunun asanlaşdırılması, onların fəaliyyətinin daha şəffaf və obyektiv qiymətləndirilməsi imkanlarını da müəyyənləşdirmək layihə çərçivəsində nəzərdə tutulub. Bunlarla əlaqədar olaraq, “NİZAMİ” layihəsinin müvafiq iş planında nəzərdə tutulan “Elmi Rəhbərlik Müqaviləsi”nin ilkin variantı BMU-nun da əməkdaşlarının iştirakı ilə hazırlanıb. Bu müqavilədə indiyə kimi universitetdə mövcud olmayan elmi rəhbər və doktorantın hüquq və vəzifələrini müəyyənləşdirən sənəd hazırlanıb və Təhsil Nazirliyinin tövsiyəsi ilə Azərbaycanın bütün ali təhsil müəssisələrinə 05.06.2018-ci il tarixindən tövsiyə olunub. Bunu da layihənin uğurlu nəticəsi kimi qiymətləndirmək olar.

   Onu da qeyd edək ki, 2019-cu ildə də bir çox tədbirlərin layihə çərçivəsində həyata keçirilməsi planlaşdırılıb və BMU-nun layihə idarəetmə komandası tərəfindən işlər davam etdirilir. Bunlarla yanaşı BMU, layihənin 6 saylı “Keyfiyyət planı” iş paketinin icrasına Almaniyanın Heidelberg Universiteti ilə birlikdə cəlb olunub.

   BMU, 2018-ci ildə aşağıda adları qeyd olunan iki Erasmus+KA2 layihəsində tərəfdaş kimi iştirak hüququ qazanıb.

4. “CRENG – Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi” adlı Erasmus+KA2 layihəsi. Qrant qalibi / koordinator: Varşava Politexnik Universiteti (Polşa) Layihənin müddəti: 3 il (2018–2021)

5. “MAGNUS – Tərəfdaş universitetlərdə Mobil Tətbiqlərin və Oyun Dizaynı magistr proqramlarının hazırlanması” adlı Erasmus+KA2 layihəsi. Qrant qalibi / koordinator: Linkopings Universiteti (İsveç) Layihənin müddəti: 3 il (2018–2021)

   Hazırda hər bir layihənin məzmununa uyğun olaraq universitetdə layihə işçi qrupu formalaşdırılıb və hər bir layihənin rəhbəri ilə növbəti mərhələlər barədə əlaqə saxlanılır və işlər görülür

   BMU, həmçinin Avropa İttifaqının (Aİ) HORIZON 2020 proqramında da aktiv iştirak etməyə çalışır.

   BMU, eyni zamanda, İngiltərə Konsulluğunun “Creative Spark: Ali təhsil üçün müəssisə proqramı”nın Newcastle – CAERC layihəsində də tərəfdaş universitet kimi iştirak edir. Hazırda BMU-da 17 ölkədən 95 tələbə təhsil alır. Bu ölkələr Rusiya, Çad, Çin, Gürcüstan, İran, İraq, İndoneziya, Qazaxıstan, Türkmənistan, Əfqanıstan, Türkiyə, Tacikistan, Misir, Moldova, Myanma, Peru, Ukraynadır. Əcnəbi tələbələr, əsasən Beynəlxalq münasibətlər, Biznesin idarə edilməsi, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, İngilis dili və ədəbiyyatı, Kimya mühəndisliyi, Mexanika mühəndisliyi, Maliyyə, Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi ixtisaslarına maraq göstərirlər. BMU-da hazırda 18 ixtisas üzrə tədrisin ingilis dilində olması xarici professor-müəllim heyəti və tələbələr arasında universitetə olan marağı artırır.

    BMU faktiki olaraq fəaliyyətə başladığı fevral ayından etibarən Erasmus+KA1 mübadilə proqramı çərçivəsində Almaniya, İtaliya, Portuqaliya, Sloveniya, Rumıniya, Latviya, Türkiyə, Çexiyadan olmaqla 17 universitet ilə əməkdaşlıq edir. BMU bu müddət ərzində Mövlana Mübadilə Proqramı çərçivəsində Türkiyə Respublikasının 5 universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

   Bundan başqa, BMU təkcə “İkitərəfli əməkdaşlıq müqaviləsi” ilə 11 Avropa və 4 yerli ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

   Universitet hazırda Erasmus+ proqramı çərçivəsində Portuqaliyanın Braqanza Politexnik İnstitutu ilə Kimya mühəndisliyi ixtisası üzrə magistratura səviyyəsində “ikili diplom” proqramı həyata keçirir. Həmin mübadilə proqramları vasitəsilə son 4 semestr ərzində xaricdə mübadilədə iştirak edən tələbə sayı ümumilikdə 30 nəfərdir. Universitetin qurulduğu qısa müddət ərzində 40-dan çox universitet əməkdaşı müxtəlif layihə və proqramlar vasitəsilə xarici ali təhsil müəssisəsində tədris-təcrübə proqramının iştirakçısı olublar. Bütün bunlarla yanaşı, şöbə Fulbrayt və UGRAD kimi ABŞ dövlət proqramı, İngiltərə hökumətinin dəstəklədiyi Chevening proqramlarına müraciət edən tələbə və müəllimləri dəstəkləyir. Almaniyanın DAAD proqramı vasitəsi ilə Maliyyə kafedrasının müəllim və tələbələrindən ibarət qrup “Yay məktəbi” layihəsinin qalibi olub. Universitetin Mühəndislik fakültəsinin əməkdaşı proqram çərçivəsində doktoranturada təhsil almaq hüququ əldə edib.

   BMU “British Council”la da sıx əməkdaşlıq əlaqələri saxlayır, bu əməkdaşlığın nəticəsi olaraq “Famelab” yarışına Azərbaycan üzrə ev sahibliyi edir.

Web site : iro.beu.edu.az

E-mail: iro@beu.edu.az, iro.admission@beu.edu.az