Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə “KPMG Azərbaycan” şirkətinin nüməyəndələri universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin müvafiq ixtisaslarının sonuncu kursunda təhsil alan tələbələri üçün təqdimat keçirib.
BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimova tələbələrin gələcək karyeralarını qurmaq məqsədilə keçirilən növbəti belə tədbirin əhəmiyyəti barədə məlumat verib.
Sonra KPMG şirkətinin audit üzrə direktoru Nəsibə Muradxanova geniş təqdimatla çıxış edib. Qonaq, həmçinin təmsil etdiyi şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, şirkət dünyanın 154 ölkəsində audit, vergi, biznes və hüquq məsləhətləri xidməti göstərir. Azərbaycanda isə əsasən vergi və audit xidməti ilə məşğul olur.
Daha sonra tələbələr üçün seçim prosesinin ilkin mərhələsi olan online test imtahanı keçirilib. İmtahanın təşkilində əsas məqsəd tələbələrin adıçəkilən şirkətdə işlə təmin olunmasıdır. Birinici mərhələdən uğurla keçən tələbələr şirkətdə müsahibə mərhələsinə dəvət olunacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi