BMU-da Qələbənin 5 illiyi münasibətilə keçirilən idman turnirinin qalibləri mükafatlandırılıb

03 Noyabr 2025
BMU-da Qələbənin 5 illiyi münasibətilə keçirilən idman turnirinin qalibləri mükafatlandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyi münasibətilə təşkil olunan idman turniri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbəni xalqımızın birliyi, həmrəyliyi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin parlaq nəticəsi adlandırıb. Qeyd edib ki, bu Zəfər Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunu və dövlətə sədaqətini bir daha nümayiş etdirdi.

Rektor vurğulayıb ki, BMU-da əməkdaşlar və tələbələr üçün təşkil olunan bu kimi tədbirlər gənclərin həm fiziki, həm də mənəvi inkişafına xidmət edir. İdman turnirinin əsas məqsədinin universitet kollektivində həmrəylik, dostluq və Qələbə ruhunu yaşatmaq, eyni zamanda gənclər arasında sağlam həyat tərzinin təbliğinə töhfə vermək olduğunu fikirlərinə əlavə edən Yaqub Piriyev qaliblərə ən xoş təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

Tədbirdə məlumat verilib ki, BMU Həmkarlar İttifaqı Komitəsi, İdman Klubu, Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən, oktyabrın 31-nə kimi davam edən yarışmada əməkdaş və tələbələr şahmat, dama, həmçinin futbol idman növləri üzrə mübarizə aparıblar.

Çıxış edənlər bu kimi turnirlərin tələbə, habelə əməkdaşlar arasında həmrəyliyin, dostluğun və sağlam rəqabət mühitinin formalaşmasına xidmət göstərdiyini vurğulayıblar.

Sonda qaliblərə diplom və mükafatlar təqdim olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi  

Digər xəbərlər