İtaliyalı professor Francesca Vetronun 2026-cı ilin yaz semestrindən etibarən Bakı Mühəndislik Universitetində (BMU) tələbələrə mühazirələr oxuması nəzərdə tutulur. Bu barədə razılıq tərəflər arasında keçirilən görüşdə əldə olunub.
Professor Francesca Vetro riyaziyyat və informatika sahəsində elmi tədqiqatlar aparır. Uzunillik pedaqoji və tədqiqat təcrübəsinə malik alimin elmi maraq dairəsinə modulyar müxtəlifliklər, tətbiqi riyaziyyat kimi istiqamətlər daxildir.
Tərəflər bu əməkdaşlığın BMU tələbələri üçün beynəlxalq akademik təcrübə qazandıracağını, onların İtaliya ali təhsil sistemi və elmi yanaşmaları ilə tanış olmalarına şərait yaradacağını qeyd ediblər.
Vurğulanıb ki, bu təşəbbüs BMU-nun beynəlxalq əlaqələrini genişləndirmək, tələbələrə qlobal perspektiv təqdim etmək və müasir tədris mühitinə inteqrasiyasını gücləndirmək istiqamətində atılan növbəti addımdır. Universitet xarici ali məktəb, həmçinin nüfuzlu alimlərlə əməkdaşlıqları genişləndirərək tələbələrə dünya miqyasında rəqabətqabiliyyətli bilik və bacarıqlar qazandırmaq niyyətindədir.
İctimaiyyətlə əlaqələr şöbəsi