Bakı Mühəndislik Universitetində (BMU) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) həftəsinin bağlanış mərasimi çərçivəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Keyfiyyətli təhsilə doğru: Elmin sadə izahı” mövzusunda tədbir keçirilib.
BMT DİM-in 4-cü (Keyfiyyətli təhsil) istiqamətinə uyğun olaraq keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayıs Əzizov ali təhsil müəssisələrində elmi mühitin gücləndirilməsi, tələbələrin elmi araşdırmalara cəlb olunması və bu sahədə təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Sonra BMU-nun Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Bəhman (Qüdsi) Məmmədov “Elmin əyləncəli izahı” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda elmin yalnız nəzəri biliklərdən ibarət olmadığı, yaradıcı düşüncəni, məntiqi təfəkkürü və sistemli yanaşmanı formalaşdırdığı qeyd edilib. B.Məmmədov elmi biliklərin gündəlik həyatda tətbiqinə dair maraqlı nümunələr təqdim edib və riyaziyyatın müxtəlif sahələrdə-texnologiyadan iqtisadiyyata qədər-mühüm rola malik olduğunu vurğulayıb. Habelə elmi biliklərin tələbələrə sadə və interaktiv formada çatdırılmasının əhəmiyyəti önə çəkilib, praktiki nümunələrlə elmin zövqverici tərəfləri nümayiş etdirilib.
BMU-nun “Biznesin idarə olunması” ixtisasının tələbəsi Nəzrin Quliyeva isə riyaziyyat fənni üzrə çıxışında elmin praktik tətbiqlərinə toxunub.
Bundan başqa, BMU TEC-in sədri Aysu Cəbrayılova, qonaq qismində tədbirə qatılan Anar Şükürlü, Nurlan Məmmədli və başqaları çıxış ediblər.
Tədbirin bədii hissəsində tələbələrin iştirakı ilə rəqs nömrəsi nümayiş olunub. Bilik, yaradıcılıq və pozitiv enerjinin birləşdiyi tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda DİM həftəsində fəallığı ilə seçilən tələbələrə sertifikatlar və hədiyyələr təqdim olunub. Eləcə də TEC-in keçmiş sədr müavini Günay Bayramova uğurlu fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi