Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin 3-cü kurs tələbələri üçün “Süni intellekt əsasında maliyyə elminin öyrənilməsi” mövzusunda master-klass keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən fakültənin Maliyyə və mühasibat kafedrasının müdiri professor Damət Bağırov süni intellektin maliyyə elminin öyrədilməsində və tətbiqində getdikcə artan rolunu önə çəkib. Bildirib ki, süni intellekt maliyyə elmi sahəsində müxtəlif resurslara çıxış imkanını daha da əlçatan edir. Süni intellektlə hazırlanmış dərsliklər, virtual müəllimlər və simulyasiya proqramları maliyyə fənninin tədrisini daha asan, eyni zamanda əyləncəli şəkildə öyrənmək fürsəti yaradır.
Sonra professor Saleh Məmmədov mövzu ilə bağlı təqdimatla çıxış edib. Bildirib ki, müasir maliyyə təhlili və strategiyaları çox vaxt mürəkkəb verilənlər üzərində işləmək, proqnozlar irəli sürmək və riskləri qiymətləndirmək üçün yüksək texnoloji alətlərdən istifadə zərurəti yaradır. Süni intellekt bu prosesləri sürətləndirərək onu daha dəqiq və effektiv edir. O, süni intellektin maliyyə elminin öyrədilməsində və tətbiqində verilənlər analizi və qərar dəstəyi, riskin qiymətləndirilməsi, simulyasiya, modelləşdirmə, süni intellektin etikası və tətbiqi kimi əsas rollarından ətraflı danışıb. S.Məmmədov daha sonra fənnin tədrisini süni intellektdən istifadə ilə davam etdirib və bu da tələbələr tərəfindən xüsusi maraqla qarşılanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi