Tələbələr üçün nəqliyyatın rəqəmsallaşdırılması mövzusunda seminar

30 Aprel 2025
Tələbələr üçün nəqliyyatın rəqəmsallaşdırılması mövzusunda seminar

Bakı Mühəndislik Universitetində (BMU) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Süni İntellekt Laboratoriyasının (Al Lab) təşkilatçılığı ilə seminar keçirilib.

Mühəndislik fakültəsinin tələbələri üçün təşkil olunan seminarda logistika üzrə ekspert Təmraz Həmidov nəqliyyatın rəqəmsallaşdırılması mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Nəqliyyat-Logistika Sistemlərinin (NLS) rəqəmsallaşdırılması üzrə milli strategiyanın hazırlanmasında əsas vəzifələrdən bəhs olunub. Eyni zamanda  NLS və ölkənin nəqliyyat modallığında boşluqların təhlili, strateji fəaliyyətlərin kompleks planlaşdırılması, milli rəqəmsal platformanın, elektron logistika sistemlərinin yaradılması, layihənin əsas mərhələlərində nəzərdə tutulan tədbirlərlə milli elektron logistika sisteminin qurulması üçün yol xəritəsinin hazırlanması kimi məsələlər diqqətə çatdırılıb. 

Ekspert beynəlxalq daşımalarda elektron sənəd tipləri və onların tədbiqi ilə bağlı da geniş məlumat verib. Daşıyıcıların elektron qeydiyyat və bir pəncərə sistemindən bəhs edən T.Həmidov, həmçinin qarşıdakı dövrlərdə logistika sahəsində hazırlanan yeni platformanın əhəmiyyətinə toxunub.

Seminarda iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər