Tələbələr təcrübə proqramına cəlb olunacaq

03 Dekabr 2021
Tələbələr təcrübə proqramına cəlb olunacaq

Bakı Mühəndislik Universitetində (BMU) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “ARAZ” supermarketlər şəbəkəsinin İnsan Resursları Departamentinin əməkdaşları ilə görüş keçirilib.

Görüşün məqsədi universitetin Mühəndislik, həmçinin İqtisadiyyat və idarəetmə fakültəsinin ingilis dilində təhsil alan IV kurs bakalavr və I kurs magistr tələbələrinə 3 aylıq ödənişli təcrübə proqramının keçirilməsi olub.

BMU ilə Veysəloğlu Şirkətlər Qrupu arasında 2017-ci ildə əməkdaşlıq müqaviləsinin imzalandığını qeyd edən universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimova əməkdaşlıq çərçivəsində bir sıra silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Ödənişli təcrübə proqramı haqqında məlumat verən “ARAZ” supermarketlər şəbəkəsinin İnsan Resursları Departamentinin əməkdaşı Vasif Fərəcov bildirib ki, təcrübə proqramı 3 universitet arasında 30 tələbəni əhatə edəcək. O, BMU-nun 10 tələbəsinin şirkətin baş ofisində və digər müəssisələrində (Keyfiyyətin idarə edilməsi, Tədarük zənciri, Stokun idarə olunması, Satış, Marketinq, Maddi vasitələr, Maliyyə, Təchizat, İnsan resusları və Daxili nəzarət şöbələrində) təcrübəyə cəlb olunacağını fikirlərinə əlavə edib.

Təcrübənin sonunda şirkətdə tələbələr üçün müsabiqə keçiriləcək və  müvəffəqiyyət qazanan namizədlər işlə təmin olunacaqlar.

Görüş qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə olunması ilə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər