Rektor qalib tələbələri fəxri fərmanla təltif etdi

22 May 2019
Rektor qalib tələbələri fəxri fərmanla təltif etdi

   Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın və “XIV Respublika Universiadası”nın qalibləri ilə görüşüb.

   Professor Havar Məmmədov qalib tələbələri və onların müəllimlərini təbrik edib, onlara universitet adından “Fəxri fərman”la təltif edib. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı gənclər siyasətindən və onun bəhrələri barədə məlumat verən rektor bildirib ki, ölkəmizdə elmə və təhsilə olan diqqət və qayğı tələbələrin nəinki yerli müsabiqələr də, hətta beynəlxalq arenalarda təmsil olunmalarına şərait yaradır. BMU-nun tələbələri də bu tipli müsabiqələrdə daim iştirak edir və qaliblər sırasına yüksəlirlər.

    Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü”nə həsr olunmuş “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsində I yerə Bakı Mühəndislik Universitetinin “BEU Programmers” (Ülvi Aslanlı, Əyyub Nəcəfzadə, Nicad Hüseynov, komanda rəhbəri Etibar Seyidzadə) komandası layiq görülüb. Eyni zamanda, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında “XIV Respublika Universiadası”nda isə sərbəst güləş üzrə BMU-nun tələbələri Məmmədəli Quliyev 61 kq çəki dərəcəsində I yerə, Vüqar Rəhimov isə 61 kq-da III yerə layiq görülüblər.

 

Digər xəbərlər