Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Böyük Britaniyanın “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin nümayəndəsi Veronika Omeni ilə görüşüb.
Görüşdə Havar Məmmədov gənc universitet olan BMU-nun qısa müddət ərzində ölkənin nüfuzlu ali təhsil müəssisələri sırasında yer alması, yüksəkixtisaslı mühəndis kadrlarının hazırlığı istiqamətində əldə etdiyi uğurlar və həyata keçirdiyi tədbirlərlə qonağı tanış edib. Qlobal təhsil mühitində ali təhsil ocağının nüfuzunun daha da yüksəldilməsi istiqamətində atılan addımları dilə gətirən rektor BMU əməkdaşları tərəfindən elmi-tədqiqat fəaliyyətinin ildən-ilə gücləndirildiyini, ölkə üzrə diqqətçəkən nəticələrin əldə olunduğunu bildirib.
Universitet reytinqinin müəyyənləşdirilməsində beynəlxalq əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunan Havar Məmmədov tanınmış agentlik kimi “QS Quacquarelli Symonds” ilə qurulan əməkdaşlığın davam etdirilməsinin, eyni zamanda qarşılıqlı əlaqələrin inkişafına dəstək verən görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb.
Veronika Omeni də əlaqələrin daha da irəliyə aparılmasının faydalarından söz açaraq, əməkdaşlıq üçün qarşılıqlı marağın olduğunu ifadə edib. “QS Quacquarelli Symonds” tərəfindən tərtib edilərək, hər il nəşr olunan universitet reytinqi, meyarları ilə bağlı ətraflı məlumat verən qonaq Azərbaycanın ali təhsil müəssisələrinin QS beynəlxalq reytinqində təmsil olunmasının önəmindən danışıb. Son reytinq hesabatları və nəticələrdən danışan ekspert bu siyahıda ilk sıralarda yer almaq, həmçinin qlobal rəqabətə davamlılığının artırılması istiqamətində akademik dairələr və işəgötürənlər arasında ali təhsil müəssisələrinin nüfuzunun yüksəldilməsinin vacibliyini qeyd edib.
Qlobal təhsil mühitində beynəlxalq nüfuzun yüksəldiməsinə təsir edən meyarlar, o cümlədən keyfiyyətin təmin olunması yönündə BMU-da aparılan işləri dəyərləndirən Veronika Omeni bütövlükdə bu prosesdə müsbət dinamikanın müşahidə olunduğunu deyib, bununla yanaşı, daha yaxşı göstəricilərin qazanılması ilə bağlı tövsiyələrini paylaşıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi