Bakı Mühəndislik Universitetinin (BMU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov və Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərova Malayziyanın “Universiti Teknologi MARA” (UiTM) ali təhsil müəssisəsi ilə Azərbaycan ali təhsil müəssisələri arasında keçirilən onlayn görüşdə iştirak edib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan görüşün məqsədi universitetlər arasında əməkdaşlığın qurulması olub.
Görüşdə Azərbaycanın Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov və digər əməkdaşları, Azərbaycan ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri, həmçinin UiTM-in vitse kansleri xanım professor Ts. Dr. Hajah Roziah Mohd Janor və universitetin müvafiq strukturlarının rəhbərləri və nümayəndələri iştirak edib.
Təhsil Nazirliyinin nümayəndələri ali təhsil müəssisələri arasında əməkdaşlığın ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, eyni zamanda əlaqələrin qurulmasında dəstək və köməklik göstərəcəklərini bildiriblər.
Görüşdə ikili diplom proqramlarının təsis edilməsi imkanlarının araşdırılması, Azərbaycan vətəndaşları üçün UiTM-də xüsusi təqaüdün ayrılması, tələbə və müəllim mübadilə proqramları, həmçinin birgə tədqiqat layihələrinin həyata keçirilməsinə dair mövzular ətrafında geniş müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi