Erasmus+ mübadilə proqramı çərçivəsində İspaniyanın Granada Universitetinin professoru Valentin Molina Moreno Bakı Mühəndislik Universitetində (BMU) olub.
Ali təhsil müəssisəsinin Biznesin idarəedilməsi fakültəsini təmsil edən professor BMU tələbələri qarşısında təqdimat və mühazirə ilə çıxış edib.
İspaniya ilə bağlı tarixi və coğrafi məlumatlara yer ayıran professor tələbələrə Qranada Universitetinin fəaliyyət istiqamətləri, milli və beynəlxalq reytinq agentliklərindəki mövqeyi, bakalavr, magistr və doktorantura səviyyələrində təhsil, tələbə kontingenti, beynəlmiləlləşmə siyasəti haqda dolğun informasiyalar verib.
Ölkəsinin ikinci ən nüfuzlu ali təhsil müəssisəsi olan Granada Universiteti ilə bağlı təqdimatdan sonra ispaniyalı qonaq ətraf mühitin vəziyyəti və planetin məhsuldar resursları üzrə tədqiqat məqsədləri haqda mühazirə ilə çıxış edib. O, mühazirəsində təbii resurslardan düzgün istifadə, dairəvi iqtisadiyyat nəzəriyyəsi, yaşıl iqtisadiyyat və mavi iqtisadiyyat anlayışları, bütün dünyada tipik dairəvi iqtisadiyyat modeli və s. istiqamətlərə toxunub. Həmçinin müasir dünyada iqlim dəyişmələrinin qarşısının alınması və qlobal fəsadların aradan qaldırılması sahəsində birgə səylər üzrə fəaliyyət, yeni çağırışlar və həlledici qərarlardan söz açıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirini xüsusi vurğulayan Valentin Molina Moreno sözügedən sahədə dünya üçün əhəmiyyətli qərarların məhz Bakıda veriləcəyi üçün Azərbaycanın hazırda beynəlxalq aləmin diqqət mərkəzində olduğunu qeyd edib.
Çıxışlarını tələbələrlə inteaktiv formatda quran professor onları maraqlandıran sualları cavablandırıb.
İctimaiyyətlə əlaqələr şöbəsi