Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin növbəti genişləndirilmiş iclası keçirilib.
Fakültənin Tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Elsevər İbadov hər ilin sonunda təşkil olunan belə müzakirələrin əhəmiyyətini vurğulayıb, tədbirdə müzakirə ediləcək məsələlərə toxunub.
Fakültə dekanı, dosent Mayis Əzizov ötən ilin yekunlarından bəhs edərək semestrin uğurla başa çatdığını bildirib. O qeyd edib ki, cari tədris ilindən etibarən mövcud pandemiya şəraitində dərslər hibrid formada keçirilib və fakültə müəllimlərinin gənc, eyni zamanda yüksək informasiya texnologiyaları biliklərinə sahib olması tədrisin yüksək səviyyədə təşkil edilməsinə şərait yaradıb.
Dekan bu yaxınlarda BMU-da iqtisadiyyat və idarəetmədə davamlı inkişafa həsr olunan beynəlxalq konfransın keçirildiyini, fakültənin professor-müəllim heyətinin öz elmi-tədqiqatları ilə çıxış etdiklərini vurğulayıb. O, eyni zamanda əməkdaşların məqalələrinin elmi jurnallarda daha intensiv dərc olunmasının vacibliyinə də toxunub.
M.Əzizov çıxışının sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə fakültənin professor-müəllim heyətini təbrik edib, tədris prosesinin yüksək formada təşkil olunmasında əməyi keçən dekan müavinlərinə, kafedra müdirlərinə və fakültə əməkdaşlarına minnətdarlığını bildirib.
Fakültənin Tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Xanlar Heydərov imtahan sessiyasının keçirilməsi barədə geniş məruzə ilə çıxış edib. O, imtahanlarla bağlı universitetin Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi tərəfindən hazırlanmış təlimatlarla tanış olmağın zəruriliyini diqqətə çatdırıb.
BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov imtahan prosesində şəffaflığın təmin olunması, tələbələrinin şikayətlərinin və təkliflərinin vaxtında cavablandırılması məqsədilə Apellyasiya komissiyasının fəaliyyət göstərəcəyini bildirib. O, imtahan sessiyası dövründə pandemiya qaydalarına ciddi şəkildə riayət edilməsini də tövsiyə edib.
Cari tədris ilində də universitetin elmi fəaliyyətinin aktiv olduğunu vurğulayan prorektor BMU-nun son aylarda 2 beynəlxalq elmi konfransa ev sahibliyi etdiyini bildirib. O, Web of Science bazasında məqalələri çap olunan BMU əməkdaşların yanvar ayında mükafatlandırılacağını fikirlərinə əlavə edib.
Görüş qarşılıqlı müzakirələrin aparılması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi