IMechE-nin nümayəndələri BMU-da olublar

22 Aprel 2025
IMechE-nin nümayəndələri BMU-da olublar

Bakı Mühəndislik Universitetində (BMU) Mexanika Mühəndisləri İnstitutunun (IMechE) nümayəndələri ilə görüş keçirilib.

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül qonaqları salamlayıb və onlara ali məktəbin  müasir infrastrukturu, laboratoriyaları, o cümlədən peşəkar kadrların hazırlanması üçün atılan addımlar barədə məlumat verib. Prorektor BMU-nun son illər beynəlxalq təşkilatlarla əlaqələrinin güclənməsinə diqqət çəkib, bu çərçivədə ImechE ilə mümkün əməkdaşlığın istiqamətlərinə toxunub.

IMechE-nin Beynəlxalq Strateji Şurasının sədr müavini Həsən N.Ənsari, qurumun Azərbaycan Bölməsinin Gənclər Şurasının sədri Mehdi Mehdizadə öz növbələrində qurumun fəaliyyəti, üstünlükləri, eləcə də gənclərin peşəkar inkişafı üçün gördüyü işlər haqqında məlumat veriblər. Bildirilib ki, 1847-ci ildə əsası qoyulan, baş ofisi Böyük Britaniyanın London şəhərində yerləşən ImechE-nin 140 ölkədən 115.000-dən çox üzvü var. bp və digər nüfuzlu qlobal şirkətlərlə yaxından əməkdaşlıq edən təşkilatın əsas məqsədi təhsil ocaqları ilə əməkdaşlıq yaradaraq bütün dünyada mühəndisliyi peşəkar formada təbliğ etmək, eləcə də təşkilata üzv olan gənc mühəndislərin karyera inkişafı üçün bakalavr səviyyəsindən başlayaraq ömürboyu öyrənmə imkanlarını gerçəkləşdirməkdən ibarətdir.

Gələcək əməkdaşlığın ətraflı müzakirə edildiyi görüşdə BMU ilə əlaqələrin qurulmasına və inkişafına xüsusi maraq ifadə olunub.

Sonra ImechE nümayəndələri tələbələr ilə görüşüb. Görüşdə  təşkilatın gəncləri texnoloji sahəyə təşviq edən, ilkin karyera inkişafına dəstək verən proqramları, həmin proqramlara qoşulmaq prosedurları tədqim olunub. ImechE-nin nüfuzlu qlobal şirkətlərlə əməkdaşlığının gənclərin gələcək karyeralarında oynadığı rol vurğulanıb. Eyni zamanda görüşdə iştirak edən bp şirkətinin azərbaycanlı mühəndisləri-Cavid Məmmədov (mexanika mühəndisi),  Elçin Hüseynzadə (baş mexanika mühəndisi),  Samir Paşayev (mexanika mühəndisi), İsgəndər Əsgərov (mexanika mühəndisi) da ImechE-yə üzv olmağın üstünlükləri, təşkilatın mühəndisləri dəstəkləmək məqsədilə müntəzəm olaraq gerçəkləşdirdiyi layihələr barədə fikirlərini bölüşüblər.

Sonda ImechE nümayəndələri BMU-nun laboratoriyaları, Texnoparkı və tələbələrin startap layihələri  ilə yaxından tanış olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər