İDP çərçivəsində Çində təhsil alan BMU tələbələri ilə görüş keçirilib

24 Oktyabr 2025
İDP çərçivəsində Çində təhsil alan BMU tələbələri ilə görüş keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında bu ildən etibarən icrasına başlanılan ikili diplom proqramı (İDP) çərçivəsində Çin Xalq Respublikasında təhsil alan ilk tələbə qrupu ilə görüş keçirilib.

Pekində baş tutan görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül iştirak edib. Görüş zamanı tədris prosesi, tələbələrin akademik nailiyyətləri və sosial mühitə uyğunlaşması məsələləri müzakirə olunub.

Ətrabə Gül BMU rektorunun salamlarını tələbələrə çatdıraraq onların beynəlxalq təhsil imkanlarından səmərəli yararlanmalarının vacibliyini vurğulayıb. Bildirib ki, BMU-nun xarici ali təhsil müəssisələri ilə həyata keçirdiyi ikili diplom proqramları universitetin beynəlmiləlləşmə strategiyasının mühüm istiqamətlərindəndir. Bu baxımdan Çinin aparıcı universitetləri ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə tələbələr tədris mühiti və yaşayış şəraiti ilə bağlı təəssüratlarını bölüşüb, gələcək fəaliyyət planları barədə fikir mübadiləsi aparıblar. Onlar təhsillərini yüksək səviyyədə davam etdirmələri üçün hərtərəfli şərait yaradıldığını qeyd ediblər. Həmçinin Azərbaycan ilə  Çin arasında dövlət başçıları səviyyəsində formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətlərinin iki ölkənin təhsil və elm sahəsində əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Qeyd edək ki, bu proqram Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində icra olunan ilk ikili diplom proqramıdır. Tələbələr hər iki ali təhsil müəssisəsində təhsil alaraq BMU və PKTU-nun diplomlarını əldə edəcəklər. Yüksəkixtisaslı, beynəlxalq əmək bazarı üçün rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına imkan yaradan proqram kimya, kompüter və mexanika mühəndisliyi ixtisaslarını əhatə edir. 2+2 modelinə əsasən tələbələr BMU-da I və II kursları uğurla tamamladıqdan sonra təhsillərini PKTU-da davam etdirirlər. Gələcək illərdə proqrama qəbulun genişləndirilməsi də nəzərdə tutulur.  

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər