Hesablama Palatası BMU tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda təlimlərə start verib

07 Mart 2023
Hesablama Palatası BMU tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda təlimlərə start verib

 Hesablama Palatası ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) “Dövlət sektorunda audit” mövzusunda təlim proqramına start verib.

Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov işəgötürən və ali təhsil müəssisələri arasında qurulan səmərəli əməkdaşlığın üstünlükləri, bu əlaqələr çərçivəsində təhsilalanlar üçün yaradılan iş imkanlarından danışıb.

Dövlət sektorunda işəgötürən kimi ilkə imza ataraq ali təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirən Hesablama Palatasının öz gələcək kadrlarını formalaşdırmaq amalına xidmət edən təlimlər keçirməsini müsbət dəyərləndirən prorektor kadr seçimində BMU tələbələrinə üstünlük verilməsinin təsadüfi olmadığını deyib. Universitetdə rəqabətqabiliyyətli, ixtisaslı kadr hazırlığının yüksək səviyyədə təşkilinə böyük önəm verildiyini deyən Həmzağa Orucov təlim iştirakçılarına uğurlar arzulayıb.

Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov vurğulayıb ki, təlimlərin keçirilməsində əsas məqsəd yüksəkixtisaslı kadr hazırlığının təmin edilməsinə yardımçı olmaqla yanaşı, elmi-praktik əlaqələri üst səviyyəyə daşımaqdır. Sədr müavini tələbələrin gələcək karyerasını dövlət qulluqçusu kimi Hesablama Palatasında qurmasının üstünlüklərini nəzərə çatdırıb.

Ali audit orqanı olan Hesablama Palatasının fəaliyyət istiqamətlərinə toxunan Nəsir Sadıqov beynəlxalq təcrübədə audit qurumlarının tutduğu mövqe, eləcə də dövlət və özəl audit orqanlarının iş prinsipləri barədə tələbələrə məlumat verib.

Çıxışlardan sonra Hesablama Palatasının Təlim Mərkəzinin rəhbəri, Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri Ramal Əzizov “Dövlət sektorunda audit” mövzusu üzrə təlim proqramının əhəmiyyəti və dövlət qulluğu məsələləri üzrə təqdimatla çıxış edib. Gələcək kadrlar kimi tələbələrin təlim müddətində qazanacağı təcrübədən bəhs edən sektor müdiri təqdimatında dövlət qulluğunun mahiyyəti, dövlət orqanları və onların təsnifatları, büdcə prosesləri, fiskal siyasət və fiskal islahatlar, mühasibat uçotunun təşkili və s. məsələlər haqda geniş məlumat verib.

Qeyd edək ki, təlimlərə BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan son kurs tələbələri cəlb olunub. Təlimlərin sonunda yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatlar veriləcək.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər