Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “Gələcək üçün bacarıqlar” layihəsinin təqdimat mərasimi keçirilib.
Layihə ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi üçün nəzərdə tutulur.
Təqdimat mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Mühəndislik İniversitetinin rektoru, professor Havar Məmmədov və bir neçə ali təhsil müəssisəsinin rektoru iştirak ediblər.
Ü.Mehdiyev çıxışında qurumun fəaliyyəti, innovasiya ekosisteminin yaradılması və onun əsas komponentlərinin formalaşdırılması istiqamətində görülən işlərdən söz açıb. Diqqətə çatdırılıb ki, innovasiyalarla bağlı müasir çağırışlarda səylərin birləşdirilməsi üçün müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin aktiv fəaliyyəti vacibdir.
Mərasimdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.
Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.
İctimaiyyətlə əlaqələr şöbəsi