Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərova Erasmus+ proqramı çərçivəsində BMU-nun tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi üzrə keçirilən onlayn görüşdə iştirak edib. Görüş layihə üzrə 1-ci komponentin fəaliyyətinin nəticələrinə həsr olunub.
Layihə üzrə 1-ci komponentin rəhbəri, Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknytė Petreikienė müxtəlif kateqoriyalara aid hədəf qrupları üzrə keçirilən sorğuların nəticələri barəsində məlumat verib.
Müzakirələrdən sonra toplanılması nəzərdə tutulan məlumatların keyfiyyətinin artırılması üçün bəzi kateqoriyadan olan sorğuların yenidən keçirilməsi qərara alınıb. Həmçinin nəzərdə tutulan sorğu sayına nail olmaq üçün sorğuların keçirilmə vaxtının iyul ayının sonuna kimi uzadılması tövsiyə edilib.
Daha sonra sorğuların nəticələri üzrə kəmiyyət və keyfiyyət təhlillərinin, eyni zamanda açıq sualların ingilis dilinə tərcümələrinin həyata keçirilməsi layihənin tərəfdaşları arasında bölüşdürülüb.
Bundan əlavə, sentyabr ayında başlanılması nəzərdə tutulan fokus qrupları üzrə müsahibələrin keçirilməsinə hazırlıq üçün müzakirələr aparılıb və müvafiq tədbirlər planı müəyyən edilib.
Görüşdə Avropa tərəfdaşları arasında rektorlar konfransının fəaliyyəti ilə bağlı mövcud təcrübənin öyrənilməsi üzrə aparılan sorğular və hüquqi təhlillərin icrası istiqamətində işlərin gedişatı barədə də məlumat verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi