Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Texniki Universitetindən (AzTU) dəvət olunmuş mütəxəssislərin, həmçinin Magistratura və doktorantura şöbəsi əməkdaşlarının iştirakı ilə elmi seminar keçirilib.
Seminarda çıxış edən BMU-nun Mexanika mühəndisliyi kafedrasının müdiri Mahir Bəşirov universitetdə elmi tədqiqatların gücləndirilməsi istiqamətində görülən işlərə diqqət çəkib və tədbirin əhəmiyyətinə toxunub.
Sonra “Materiallar texnologiyası” ixtisasının doktorantı İmamverdi Behbudlu ”Yüksək keyfiyyətli poladların istehsalında sobadan kənar vakuumda emalın üstünlükləri” mövzusunda məruzəsini təqdim edib.
Mövzu ətrafında çıxış edən doktorantın elmi rəhbəri t.e.d, professor Arif Məmmədov tədqiqatın sənaye əhəmiyyətli olduğunu bildirib və polad növlərinin kimyəvi tərkibi, mexaniki parametrlərinin mühüm sənaye tətbiqlərində istifadəsinin aktuallığını diqqətə çatdırıb.
Elmi seminara dəvət olunmuş AzTU-nun dosenti Muxtar Hüseynov da tədqiqat nəticələrinin avtomobil, aviasiya kimi sahələrdə geniş tətbiq imkanlarını qeyd edib.
Məruzə ətrafında müzakirələrlə davam edən seminarda doktorantın apardığı tədqiqatlərın müsbət nəticəsi nəzərə alınaraq onun növbəti tədris ilinə attestasiyadan keçməsi haqqında qərar qəbul olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi