Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri və əməkdaşları Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər. Tələbələr sərgidə müxtəlif yerli və xarici nəşriyyatların stendləri ilə tanış olub, müasir ədəbiyyat nümunələri, eləcə də elmi və bədii nəşrlər haqqında dolğun məlumat əldə ediblər. Sərgi gənclərdə oxu mədəniyyətinin və kitabxana vərdişlərinin formalaşmasında, onların intellektual inkişafında mühüm rol oynayıb.
Belə sərgilər tələbələrin bilik və dünyagörüşünü zənginləşdirməklə yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən - innovasiya və inkişaf (Məqsəd 9), eləcə də qlobal tərəfdaşlıq (Məqsəd 17) istiqamətlərində beynəlxalq təcrübə qazanmasına və qarşılıqlı əməkdaşlığın təşviqinə imkan yaradır.
“Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunan sərgidə 18 ölkədən 41 beynəlxalq təşkilat, o cümlədən kitab nəşri ilə bağlı 100-dən çox nəşriyyat-poliqrafiya şirkəti və qurumu iştirak edib. Yeddi gün ərzində sərgidə müxtəlif formatlarda 250-dən çox tədbir keçirilib. Sərgidə Türkiyə, Argentina, Böyük Britaniya, Litva, Qətər, Çin, Cənubi Koreya, İtaliya, İspaniya və digər ölkələrdən nümayəndələr yer alıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi