Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev bu il ali məktəbin “Kimya mühəndisliyi” ixtisasına qəbul olan şəhid ailəsinin üzvü Kamran Məmmədovla görüşüb.
Şəhid Elşən Məmmədovun övladını tələbə adı qazanması münasibətilə təbrik edən rektor ona uğurlu universitet illəri, həmçinin seçdiyi ixtisasın gözəl mütəxəssisi olmaq və Vətəninə töhfə vermək arzularını ifadə edib.
Yaqub Piriyev 30 il Ermənistan işğalı altında qalan torpaqlarımızın azadlığı uğrunda aparılan haqlı davamızdan bəhs edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın möhtəşəm Qələbəyə imza atdığını, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu və bu Zəfər salnaməsinin şəhidlərimizin, qazilərimizin canı və qanı ilə yazıldığını bildirib.
Qarabağın azadlığında fədakarlıq göstərən şəhidlərimizin xatirəsinin hər zaman ehtiramla yad olunduğunu qeyd edən rektor onların ailələrinin, eləcə də qazilərimizin sosial müdafiəsi üçün dövlət tərəfindən görülən işləri vurğulayıb.
Yaqub Piriyev Kamran Məmmədovun təhsili, sosial problemləri ilə maraqlanıb, təhsil aldığı müddətdə ona diqqətin daha da artırılması üçün müvafiq şəxslərə tapşırıqlar verib.
Qeyd edək ki, Kamran Məmmədovun atası, kiçik çavuş olan Elşən Əli oğlu Məmmədov 21 sentyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.
İctimaiyyətlə əlaqələr şöbəsi