BMU rektoru “İdman ustası” dərəcəsinə layiq görülən tələbə ilə görüşüb

11 Mart 2025
BMU rektoru “İdman ustası” dərəcəsinə layiq görülən tələbə ilə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev  “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülən universitetin IV kurs tələbəsi Şahin Əsədovla görüşüb.

Gənc yaşında yüksək dərəcə alması münasibətilə Azərbaycan milli yığma komandasının üzvü olan BMU tələbəsinə səmimi təbriklərini çatdıran rektor nüfuzlu beynəlxalq yarışlarda qazanılan qələbələrin ölkəmiz üçün böyük uğur olduğunu bildirib, eyni zamanda dövlətin idman sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Yaqub Piriyev  5 yaşından cüdo-sambo idman növü ilə məşğul olan Şahin Əsədovun ayrı-ayrı illərdə yerli və beynəlxalq çempionatlarda medallar qazandığını,  respublika çempionu olduğunu, ötən il dünya birinciliyinə lisenziya xarakterli ölkə kubokunu əldə etdiyini (I yer), Tbilisi şəhərində sambo güləşi üzrə beynəlxalq turnirdə erməni rəqibinə tam üstünlüklə (9-0) qalib gəldiyini vurğulayaraq, bu nailiyyətlərin arxasında böyük zəhmət, güclü iradə, qətiyyət dayandığını deyib. Rektor BMU tələbəsinin nailiyyətlərini, eyni zamanda universitetin uğuru kimi qiymətləndirib.

Şahin Əsədovun dərsləri ilə də yaxından maraqlanan rektor BMU tələbəsinə təhsilində müvəffəqiyyətlər, idman karyerasında daha yüksək zirvələr fəth etməyi arzulayıb.

Öz növbəsində Şahin Əsədov səmimi görüş və dəstəyə görə təşəkkürünü bildirib, növbəti yarışlarda ona göstərilən etimadı doğruldacağını söyləyib.

Sonda rektor Yaqub Piriyev BMU tələbəsinə fəxri fərman və hədiyyə təqdim edib.    

İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər