Bakı Mühəndislik Universitetinin (BMU) Biznesin idarə edilməsi kafedrasının müəllimi Tahirə Salayeva və universitetin bir qrup tələbəsi “Yaradıcı Qığılcım” layihəsinin “Big Idea Challange 2022” ideya yarışmasına hazırlaşan startapçılarla keçirilən görüşdə iştirak edib.
Yarışmada BMU-nun Biznesin idarə edilməsi və Dövlət və bələdiyyə idarə edilməsi ixtisaslarının (ingilis) 20-dən çox III kurs tələbəsi təmsil olunacaq və komandalar üzrə yarışacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirilən görüşdə layihənin ölkə üzrə meneceri Elnur Əliyev açılış nitqi ilə çıxış edərək layihə və onun məqsədləri haqqında məlumat verib.
Sonra EnterpriseAzerbaijan.com portalının fəaliyyəti və qalib gələn layihələr haqqında danışılıb. Bununla yanaşı, ideyaların ilkin təhlili, mükafat və müsabiqənin şərtlərinə dair izahat verildikdən sonra mentorlar arasında müzakirələr aparılıb.
Daha sonra İİTKM-in könüllülərindən ötən il həmin müsabiqədə “Stork” və “Greenbomb” layihəsi ilə qalib gələn tələbələr çıxış edərək startapçılara dəstək olublar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin BMU üzrə koordinatoru Biznesin idarə edilməsi kafedrasının müəllimi Tahirə Salayevadır.
Yarışma Britaniya Şurasının təşəbbüsü ilə İİTKM və İngiltərənin Nyukastl Universitetinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi