Hörmətli həmkarlar, əziz tələbələr!
Sizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə və doğmalarınıza cansağlığı, səadət arzulayıram!
Bu il Azərbaycan xalqı milli həmrəyliyimizin rəmzinə çevrilmiş, qədim ənənələrimizi özündə yaşadan Novruz bayramını tam fərqli əhval-ruhiyyədə- məğrur, yenilməz xalq kimi qeyd edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın davam edən işğala cəmi 44 gündə son qoyularaq Böyük Zəfərə imza atılıb. Bu gün müqəddəs Azərbaycan bayrağı dalğalanan doğma Qarabağımızda Novruz tonqallarının yanması illərdir sürən arzudan gerçəyə çevrilib.
Bu tarixi qələbənin əldə olunmasında Ulu öndər Heydər Əliyev siyasi məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələri olan gənc nəslin böyük rolu olub. Dövlət başçımız İkinci Qarabağ müharibəsində vətənpərvər gəncliyin rolunu olduqca yüksək qiymətləndirib. Vətənə bağlı, bilikli gənc nəslin formalaşmasında müəllimlərin də əməyi danılmazdır.
Dünyanın müxtəlif ölkələrində yaşayan, Vətən müharibəsində Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən həmvətənlərimiz də bu bayramı eyni sevinc hisslərilə qeyd edir. Qarabağ ətirli builki Novruz bayramı bütün dünyadakı soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında daha da sıx birləşməsinə, onlarda Vətənə bağlılıq hisslərinin daha da güclənməsinə təkan verəcək.
Hörmətli həmkarlar və əziz tələbələr!
Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qəbul olunub. Novruz - milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən el bayramıdır. Əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur.
Qələbə ovqatlı, Qarabağ ətirli Novruz bayramı münasibətilə Sizləri bir daha təbrik edir, firavanlıq, şəxsi işlərinizdə müvəffəqiyyətlər arzulayıram! Baharın gəlişi ailənizə ruzi-bərəkət və səadət gətirsin!
Novruz bayramınız mübarək!