Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov və Ümumi işlər üzrə prorektoru Vüqar Həsənov ECAR Erasmus+ layihəsinin Fransadan olan tərəfdaşı Fransa Rektorlar Konfransının (CPU) təşkilatçılığı ilə keçirilən tədbirdə (22-26 noyabr) iştirak edir.
Azərbaycanda Rektorlar Konfransının yaradılmasını hədəfləyən layihə çərçivəsində II komponentin icrasına başlanılıb və bu mərhələdə Avropa ölkələrində tətbiq olunan Rektorlar Konfransının təcrübəsi öyrəniləcək. Bu məqsədlə tərəfdaş universitet nümayəndələrindən ibarət 30 nəfərlik koordinasiya komitəsi yaradılıb və ilk səfər Fransaya təşkil olunub.
Səfər çərçivəsində CPU və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) birgə təşkil etdiyi görüşlərdə Fransa təhsil sistemi və CPU-nun ali təhsildə rolu, onun strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri, həmçinin CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdaşlığı haqqında iştirakçılara ətraflı məlumatların verilməsi planlaşdırılır.
CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universiteti ilə tanışlıq da nəzərdə tutulur.
Qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir.
İctimaiyyətlə əlaqələr şöbəsi