BMU-nun prorektorları Erasmus+ layihəsinin növbəti görüşündə iştirak edib

12 Noyabr 2021
BMU-nun prorektorları Erasmus+ layihəsinin növbəti görüşündə iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər prorektoru, dosent Elçin Süleymanov və Ümumi işlər üzrə prorektoru Vüqar Həsənov “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti görüşündə iştirak edib.

Görüşün məqsədi layihə çərçivəsində aparılan tədqiqat işlərinin nəticələrinin ali təhsilin maraqlı tərəfləri ilə paylaşılması və bu nəticələr barəsində müvafiq müzakirələrin aparılması olub.

Tədbirə Azərbaycanın 19 universitetinin rektor və prorektorları, həmçinin layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının,  Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Beynəlxalq Biznes Universitetler Birliyinin məsul nümayəndələri qatılıb.

Toplantıda çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli çıxışında sözügedən layihənin universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə, tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunmasına, yaradılacaq komitələr vasitəsilə qərarvermə proseslərinin optimallaşmasına, habelə qarşılıqlı əlaqələrin dinamik şəkildə qurulmasına və Azərbaycan ali təhsil məkanının inkişafına töhfələr verəcəyini vurğulayıb.

Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov Rektorlar Konfransı barədə beynəlxalq təcrübəni bölüşərək layihənin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, həmçinin Erasmus proqramının  növbəti 7 illik mərhələsinin məqsədi, büdcəsi və prioritetləri haqqında zəruri məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində məlumat verib. Bununla yanaşı, layihə çərçivəsində aparılan tədqiqatların məqsədi, mərhələləri və istifadə edilən metodologiya haqqında təqdimatla çıxış edib.

Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknytė-Petreikienė Azərbaycan ali təhsil məkanında maraqlı tərəflər arasında şəbəkələşmə, əməkdaşlıq və kommunikasiya məsələlərinə həsr edilmiş sorğuların statistik nəticələrini nəzərə çatdırıb. O, Azərbaycan universitetlərində mövcud vəziyyətdən də söz açıb.

Mykolas Romeris Universitetinin prorektoru, professor Regina Valutyte və layihə koordinatoru Gülşən Bayramova Azərbaycanda Rektorlar Konfransının yaradılmasının qanunvericilik bazası  haqqında çıxış edərək yerli və beynəlxalq səviyyədə aparılmış təhlillərin nəticələri, konfransın səmərəli fəaliyyəti üçün müvafiq hüquqi tənzimləmənin və ən uyğun idarəetmə modellərinin müəyyən edilməsi haqqında danışıblar.

Sonda Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin bütün tərəfdaşlarına öz minnətdarlığını bildirib və layihənin işinə müvəffəqiyyətlər arzulayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər