Bakı Mühəndislik Universitetində (BMU) İKT ixtisasları sahəsində tədris kafedralarının maddi-texniki bazasının gücləndirilməsi və elektron tədris resurslarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Universitetin laboratoriyaları və ayrı-ayrı auditoriyalarının ən müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində görülən işlərin davamı olaraq cari ildə yeni ağıllı lövhələr, monobloklar, kompüterlər, noutbuklar, proyektorlar, çox funksiyalı çap maşınları və s. avadanlıqlar alınıb.
Qeyd edək ki, BMU-da yeni yaradılan Avtomatika və elektroenergetika kafedrasında Proseslərin avtomatlaşdırılması, Elektroenergetika, Elektrik mühəndisliyi, Sistem mühəndisliyi ixtisasları kompüter texnologiyaları ilə sıx əlaqəlidir. Həmin ixtisaslarda müxtəlif laboratoriya işlərinin müasir texnika ilə yerinə yetirilməsi üçün kafedranın müəllim və laborantlarının kifayət qədər bacarıq və bilikləri var.
Yenilənən kompüterlərə vacib proqramların, o cümlədən Labview proqramı (Ölçmə texnikasının əsasları fənni üzrə), Matlab proqramı (Tənzimləmə texnikasının əsasları, Siqnalların rəqəmli emalı, Sistemli analiz, İdentifikasiya sistemləri, Elektrik enerjisinin paylanması fənnləri üzrə), Multisim proqramı (Rəqəmli elektronika, Analoq elektronika, Güc elektronika, Elektrotexnikanın əsasları, Elektrik maşınları fənnləri üzrə), AutoCad Electric (P&ID daxil olmaqla) (elektrik mühəndisliyi və elektroenergetika mühəndisliyi üzrə kurs layihələrinin və təchizat sxemlərinin çəkilməsi), P&ID Design (müxtəlif texnoloji proseslərin avtomatlaşdırılmasının diaqram və sxemlərinin çəkilməsi üçün istifadə olunan bir alətdir) yüklənməsi üçün geniş imkan mövcuddur. Bununla yanaşı, Sistem mühəndisliyində istifadə olunan Python və R proqramlaşdırma dillərinin interpretatorları, eyni zamanda Python proqramlaşdırma dilindən yararlanmaqla Deep learning (dərin öyrənmə) və Machine learning (maşın öyrənmə) fənnlərində istifadə edilir. Yeni alınan kompüterlər 16 gb operativ yaddaşa, 1 tb bərk disk yaddaşa, 7 nüvəli X86-64 artitekturasına sahib olan mikroprosessor əsasında işləyən texniki imkanlara malikdirlər.
Kompüterlərə mikrokontrolerlərin proqramlaşdırılması üçün istifadə olunan CCS C proqramlaşdırma dili də yazılacaq. Labview 2019- proqramı ilə ölçmə proseslərinin avtomatlaşdırılması üçün seçmə fənnlərdən istifadə ediləcək. Proqramlaşdırıla bilən məntiqi kontrolerlərin proqramlaşdırılması üçün TIA (totally integrated automation)-Total inteqrə edilmiş avtomatlaşdırma sistemlərinin proqramlaşdırmasına imkan verən alətlər paketinin də yüklənməsi nəzərdə tutulur. Bu paketin içərisində SCADA (Supervisory Control & Data Acquisition) proqramı da var. Bu proqramın köməyi ilə texnoloji proseslərin supervizor idarəetmə sisteminin layihələndirilməsində istifadə edilməsi planlaşdırılır.
Başqa bir proqram isə Factory I/O–Digital Twin texnologiyasının proseslərin avtomatlaşdırılmasında istifadə edilməsinə imkan verəcək.
Qeyd edək ki, yuxarıda adları çəkilən bütün proqramların akademik versiyalarının tədrisi həyata keçiriləcək.
Yenilənən daha müasir avadanlıqların müxtəlif proqramlarla təmin olunması Süni intellekt tələbə elmi-tədqiqat laboratoriyasında yerinə yetirilən layihələrin çeşidlərinin sayının artmasına imkan verəcək.
Yeni alınan avadanlıqlar Kompüter və informatika texnologiyası kafedrasında tədris olunan fənnlərin 70-80 %-ni əhatə edir. Kompüterlərin proqramlaşdırma dilləri, tətbiqi proqram təminatı və əməliyyat sistemləri ən son versiyalara əsaslanır.
İctimaiyyətlə əlaqələr şöbəsi