Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş universitet əməkdaşları arasında “BMU Həmkarlar İttifaqı Komitəsinin Kuboku” mini futbol turnirinin mükafatlandırma mərasimi keçirilib.
Turnirin təşkilatçısı BMU HİK-nin sədri Həzi Qasımov ulu öndər Heydər Əliyevin xalqımızın və dövlətimizin inkişafındakı xidmətlərindən danışıb. Ümummilli liderin xatirəsinə bu il ikincisi təşkil olunan turnirin bir ənənə halını aldığını diqqətə çatdıran H.Qasımov turnirin məqsədi idmanın kütləviliyinin təbliği, əməkdaşların işdən əlavə asudə vaxtlarının səmərəli keçirmələrini təşkil etməkdən ibarət olduğunu diqqətə çatdırıb.
BMU-nun Tərbiyə İşləri üzrə prorektoru Bayram Hüseynzadə turnirin iştirakçılarını universitet rəhbərliyi və BMU YAP ərazi ilk partiya təşkilatı adından təbrik edib. Prorektor Ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin elm, təhsil və idman sahəsində inkişafına olan diqqət və qayğısından danışıb. Bildirib ki, bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. BMU-da yüksək səviyyəli tədrislə yanaşı müəllim və tələbələrin idmanla məşğul olmalarına şərait yaradılıb. Bu cür idman tədbirlərinin təşkili müəllim və əməkdaşlarda yüksək əhval-ruhiyyə yaradır ki, bu da iş prosesində onların motivasiyalarının artmasına səbəb olur.
Tədbirin sonunda turnirdə iştirak edən komanda üzvləri, ən çox qol vuran oyunçu və ən az qol buraxan qapıçı, ilk üç yeri tutan komandalar BMU Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, turnirdə I yerə “İqtisadiyyat” komandası, II yerə “Qarabağ” komandası və III yerə “Mühasiblər” komandası vəsiqə qazanıb.