BMU-nun əməkdaşları Misirdə beynəlxalq simpoziumda iştirak ediblər

29 Aprel 2024
BMU-nun əməkdaşları Misirdə beynəlxalq simpoziumda iştirak ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən ICPC RCD (Regional Müsabiqə Direktorları) beynəlxalq simpoziumunda iştirak ediblər.

Universitetin Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə (ICPC Azərbaycan regional direktoru və koordinatoru) və elektron sistem inzibatçısı Rauf Süleymanlının (ICPC Azərbaycan texniki komitənin rəhbəri) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IDDA) həyata keçirdiyi “Technest” təqaüd proqramı çərçivəsində qatıldıqları simpozium “ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin final mərhələsi çərçivəsində təşkil olunub.

BMU əməkdaşları müsabiqənin qlobal baş sponsorları “Huawei”, “JetBrain” və digər sponsor şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərdə də iştirak ediblər.

“ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi” 1977-ci ildən mütəmadi olaraq keçirilməkdədir. BMU Azərbaycan ali təhsil müəssisələrinin komandalarının 2000-ci ildən etibarən qatıldığı bu müsabiqənin ölkə üzrə regional mərhələsinə ev sahibliyi edir.

Bu il keçirilən 46-cı və 47-ci “ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin final mərhələlərində 50 ölkənin 170 universitetindən 254 komanda iştirak edib. Müsabiqənin sonunda qaliblərin mükafatlandırma və bağlanış mərasimi keçirilib.

Onu da qeyd edək ki, iki gün davam edən simpoziumdan sonra hər bir region üzrə ölkələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Azərbaycanın da təmsil olunduğu (9 ölkə) iştirak etdiyi NERC (Şimali Avrasiya Regional Müsabiqəsi) iclasında ölkələr üzrə regional direktorlar hesabat xarekterli çıxışlar edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər