Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə keçirilən “Bootcamp”da iştirak ediblər.
Əməkdaşlarımız - Elçin Yusubov, Arif Nəcimov, Samir Quliyev, Tahirə Salayeva və Ülvi Yaqubov təşkil olunan müxtəlif panel müzakirələrdə və təlimlərdə fəallıq nümayiş etdiriblər. Onlar sentyabr ayının sonuna kimi “İnnovasiyalar Mərkəzi” tərəfindən təşkil olunacaq əlavə praktiki təlimlərdə iştirak etdikdən sonra cari ilin oktyabr ayından başlayaraq universitetin tələbələrinə “Startap mentorları” kimi dəstək göstərəcəklər.
İki gün davam edən tədbirdə “İnnovasiyalar və təhsil: yeni inkişaf yolu” və “Edu-Tech” mövzularında panel müzakirələr gerçəkləşib. Bununla yanaşı, “Hər şey gələcək üçün”, “Startapı necə qurmaq olar?”, “Liderlik bacarıqları”, “Mentorluq, texnika və mexanizmləri” və “İdeya və innovasiya” mövzularında təlimlər keçirilib, universitet rəhbərləri ilə müzakirələr və müxtəlif startaplarla görüşlər təşkil olunub.
Xatırladaq ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.
Layihə haqqında ətraflı məlumatı linkə daxil olaraq əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi