Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru Rakib Əfəndiyev Pakistanda keçirilən “Davamlı inkişafda riyaziyyat və əlaqəli elmlərin rolu: sənaye və akademiya arasında körpü” (ICRMASSD: BIA-2024) mövzusunda I Beynəlxalq konfransda iştirak edib.
Sind Ali Təhsil Komissiyasının (SHEC) dəstəyi, Kəraçi Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə Heydarabad Dövlət Kollec Universitetində təşkil olunan konsfransda R.Əfəndiyev “İ̇nverse scattering problem for the indefinite non-self-adjoint differential operator on the axis” adlı məruzə ilə çıxış edib. Konfrans davamlı inkişaf üçün tətbiqi riyaziyyat, süni intellekt, kriptoqrafiya, dron texnologiyası və ətraf mühitin monitorinqi, nəqliyyatın modelləşdirilməsi, kosmos elmləri və digər istiqamətləri əhatə edib.
Konfrans çərçivəsində Kəraçi Universitetinin Riyaziyyat departamentinin rəhbəri, dosent Najeeb Alam Khan və əməkdaşları ilə görüşən R.Əfəndiyev BMU haqqında təqdimatı nəzərə çatdırıb. Təqdimatda Azərbaycanın təhsil sistemi, BMU-nun fəaliyyət istiqamətləri, fakultə, kafedraları və s. barədə məlumat verilib. Qlobal reytinqlə bağlı müzakirələrin aparıldığı görüşdə gələcək əməkdaşlığı nəzərdə tutan müvafiq memorandum imzalanıb.
Kəraçi Qadınlar üçün Cinnah Universitetinin (JUW-Jinnah University for Women) Kompüter elmləri və proqram mühəndisliyi departamentinin dekanı Narmeen Zakaria Bavany ilə keçirilən görüşdə də əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və memorandum imzalanıb.
Digər görüşlər Kəraci NED Mühəndislik və Texnologiya Universiteti (NED University of Engineering & Technology), Kəraçi Biznesin İdarə Edilməsi İnstitutu (IBA Karachi - Institute of Business Administration) ilə keçirilib. Bu görüşlərdə də gələcək əməkdaşlıq imkanları, həmçinin qlobal reytinqdə ali təhsil müəssisələrinin mövqelərin yaxşılaşdırılması yolları müzakirə olunub.
BMU-nun əməkdaşı Kəraçi Biznesin İdarə Edilməsi İnstitutunda elmi seminarda da çıxış edib.
İctimaiyyətlə əlaqələr şöbəsi