Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin inşaat mühəndisliyi ixtisasının III kurs tələbəsi, universitetdə Hökumətlərarası Təqaüd Proqramları xətti ilə təhsil alan Qazaxıstan vətəndaşı Merey Yermekov “İdmanda birləşək” adlı II Çoxtərəfli Gənclik Mübadilə Proqramında iştirak edib.
Mübadilə Proqramına Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən idmana həvəsli gənclər, eyni zamanda Azərbaycan universitetlərinin tələbələri qatılıblar.
Quba Olimpiya İdman Kompleksində bir həftə davam edən proqram çərçivəsində iştirakçılar idmana aid müxtəlif mövzularda təlim və mühazirələrdə iştirak edib, eksperimental vorkşopa qoşulub, həmçinin basketbol, voleybol, futbol, stolüstü tennis, üzgüçülük kimi idman növlərində özlərini sınayıblar.
2024-cü ilin “İdman paytaxtı” seçilən Quba şəhərinin tarixi, maddi və mənəvi irsi ilə də yaxından tanış olan iştirakçılara proqramın sonunda sertifikatlar təqdim olunub.
Qeyd edək ki, tədbir Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Təşkilatı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi