Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələr İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhərinə təşkil edilən səfərə qatılıblar. Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə baş tutan səfərdə iştirak edən BMU-nun əcnəbi tələbələri İƏT-ə üzv ölkələrin (Çad, Yemən, Nigeriya, Pakistan, Sudan) vətəndaşlarıdır.
Ümumilikdə İƏT-ə üzv olan 23 ölkədən 40-a yaxın gəncin təmsil olunduğu səfər çərçivəsində əcnəbi tələbələrə qədim tarixə malik Gəncə şəhəri, həmçinin 44 günlük Vətən müharibəsi zamanı erməni terroru nəticəsində şəhid olan mülki şəxslər və şəhərin infrastrukturuna dəymiş ziyan haqqında ətraflı məlumat verilib.
Tələbələr müharibədə erməni işğalçılarının raket hücumuna məruz qalmış ailələrlə görüşüblər, Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər, həmçinin Heydər Əliyev Mərkəzində olublar.
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin direktor vəzifələrini icra edən Vüsal Qurbanov bu cür səfərlərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Səfər zamanı tələbələr “İƏT-ə üzv ölkələrdə insan hüquqları” mövzusunda baş tutan dəyirmi masada da iştirak ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi