Bakı Mühəndislik Universitetinin (BMU) Material və metalloqrafiya laboratoriyası ali təhsil ocağının Texnoparkında yerləşən müasir laboratoriyalardan biridir.
Materiallar və materialşünaslıq texnologiyasını mənimsəmək üçün əhəmiyyətli olan bu laboratoriyada materialların quruluşu, mikrostrukturu, fiziki və mexaniki xarakteristikaları öyrənilir. Müxtəlif materiallardan sınaq nümunələri zəruri prosedurlardan sonra mikroskop altında mikrostrukturuna baxılaraq analiz edilir. Burada material nümunələrinin səthi və həcmi bərklikləri müxtəlif üsullarla ölçülür, eləcə də metal nümunələrin termiki emalı həyata keçirilir.
Laboratoriyadan “Materialşünaslıq”, “Konstruksiya materiallarının texnologiyası” və s. fənlərin tədrisində geniş istifadə edilir. Tələbələr burada nəzəri biliklərini praktiki müstəvidə tətbiq etmək imkanı qazanırlar.
Laboratoriyada tanınmış firmaların istehsalı olan müasir avadanlıq və cihazlar mövcuddur. Ölkənin müxtəlif sənaye müəssisələrində mürəkkəb prosesləri bu cihazlardan istifadə etməklə öyrənmək, həmçinin qarşıya çıxan problemlərin həllinə nail olmaq mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi