BMU nümayəndələri “CRENG” Erasmus+ KA2 layihəsi çərçivəsində Polşada səfərdə olub

15 İyul 2022
BMU nümayəndələri “CRENG” Erasmus+ KA2 layihəsi çərçivəsində Polşada səfərdə olub

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaş kimi iştirak etdiyi “Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi (CRENG)” üzrə Erasmus+ KA2 layihəsi çərçivəsində ali təhsil müəssisəsinin bir qrup əməkdaşı Polşanın Varşava Texnologiya Universitetində (VTU) səfərdə olub. Səfərdə BMU-nun Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev, fakültənin Logistika və nəqliyyat texnologiyaları kafedrasının müdiri, dosent Bəxtiyar Namazov, kafedranın dosenti Nicat Kərimov, layihənin BMU üzrə koordinatoru və Texnoparkın baş mütəxəssisi Arif Nəcimov, layihənin maliyyə meneceri, həmçinin BMU-nun baş mühasibi Samir Musayev iştirak edib.

Səfər zamanı Varşava Texnologiya Universitetinin Nəqliyyat fakültəsinin dekanı, müavinləri və əməkdaşları ilə baş tutan ilk görüşdə iki ali təhsil ocağı arasında gələcək əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

“CRENG” layihəsinin hibrid formatda təşkil olunan yekun konfransında BMU əməkdaşları əyani, digər tərəfdaş universitetlər isə onlayn formatda iştirak ediblər. Konfransda layihə çərçivəsində BMU-da görülmüş işlər və gələcək əməkdaşlıq imkanları barədə məlumat verilib.

Səfərin son iş günü BMU əməkdaşları VTU-nun İnnovasiya və Texnologiya Transferinin İdarə Edilməsi Mərkəzinin rəhbərliyi, laboratoriyaları, icra etdikləri proqram və layihələr ilə yerində tanış olublar. Gələcək əməkdaşlıq, ortaq proqram və layihələrin hazırlanması imkanlarının nəzərdən keçiirldiyi bu görüşdə BMU, universitetin Texnopark və laboratoriyaları, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin "Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə" adlı layihəsi haqqında zəruri informasiyalar təqdim olunub.

VTU-nun Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbərliyi ilə baş tutan görüşdə isə iki universitet arasında Anlaşma Memorandumu və Erasmus+ KA1 tələbə və müəllim mübadilə razılıq protokolunun imzalanması imkanlarının mövcudluğu, həmçinin ikili magistr proqramının ingilis dilində hazırlanmasında tərəflərin maraqlı olduğu bildirilib. Görüş zamanı BMU və Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramı haqqında, eləcə də oxşar proqramın VTU ilə də hazırlanması imkanlarından bəhs edilib.

Məlumat üçün bildirək ki, "CRENG" Erasmus+ KA2 layihəsinin məqsədi “Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi” adlı magistr proqramını hazırlamaqdır. BMU layihənin icrası müddətində Avropa İttifaqının tərəfdaş universitetləri (Polşanın Varşava Texnologiya Universiteti, Almaniyanın Berlin Texniki Universiteti və Fransanın "Hauts-de-France" Politexnik Universiteti) və Almaniyanın “ECM səma texnologiyaları” MMC-si ilə birlikdə adıçəkilən magistr proqramının hazırlanmasında iştirak edib. Bundan başqa, Avropa universitetlərinə müxtəlif vaxtlarda edilən səfərlərdə bu ölkələrin ali təhsil sahəsindəki təcrübəsi öyrənilib, magistr proqramı üçün tələb olunan bütün tədris materialları hazırlanıb, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya qurulub və yeni əməkdaşlıqlar çərçivəsində növbəti proqramların, layihələrin hazırlanmasına start verilib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər