BMU-da müstəqillik, konstitusiya və suverenliyə həsr olunan tədbir keçirilib

16 Oktyabr 2025
BMU-da müstəqillik, konstitusiya və suverenliyə həsr olunan tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü, həmçinin “Konstitusiya və suverenlik İli”nə həsr olunmuş maarifləndirici tədbir təşkil edilib.

Tədbirdə Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva çıxış edərək 18 Oktyabr tarixinin Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası xalqımızın azadlıq arzularının təntənəsi, milli özünüdərkin və dövlətçiliyin yeni mərhələyə qədəm qoymasının təzahürü idi. Müstəqilliyin qorunması və möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi nəticəsində mümkün oldu və onun müəyyənləşdirdiyi siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Müstəqillik dövründə Vətənə, milli ideyalara sadiq gənclərin yetişdirildiyini deyən kafedra müdiri bu məsələnin hər bir ali təhsil müəssisəsinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb.

Sonra tələbələrin mövzuya dair baxış bucağı, dünyagörüşləri və məlumatlılıqları ilə tanış olmaq üçün hazırladıqları təqdimatlar dinlənilib. “Dizayn” ixtisasının tələbələri Ləman Səfərli, Gülsurə Əhmədzadə və Fidan Məmmədzadə çıxışlarında Azərbaycanın müstəqillik yolunun çətin və şərəfli mərhələlərindən, tarixi əhəmiyyətindən, 1990-cı illərdə baş verən ictimai-siyasi hadisələrdən, eləcə də Qarabağ münaqişəsi fonunda milli-azadlıq hərəkatının güclənməsindən bəhs ediblər. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşmasında, dövlət quruculuğunun möhkəmlənməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinin bərqərar olmasında müstəsna rolu önə çəkilib.  Sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə  dövlət müstəqilliyinin əbədiləşməsi, ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunması, qalib ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz qazanması vurğulanıb.  

Tədbirin davamında kafedranın dosenti Xaqan Balayev “Konstitusiya və suverenlik” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Konstitusiyada əks edilən siyasi azadlıqlar, sosial, iqtisadi, mədəni və digər hüquqlar, o cümlədən ali qanunun hakimiyyət bölgüsü və hüquqi dövlət prinsiplərinin formalaşmasında oynadığı roldan geniş bəhs olunub.

Sonda iştirakçılar belə tədbirlərin milli-mənəvi dəyərlərin təbliği və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər