BMU-da SOCAR-ın "Gənc İstedadlar Proqramı" ilə bağlı infosessiya

16 Oktyabr 2025
BMU-da SOCAR-ın "Gənc İstedadlar Proqramı" ilə bağlı infosessiya

Bakı Mühəndislik Universitetində (BMU) SOCAR-ın “Gənc İstedadlar Proqramı 2026 “ proqramı ilə bağlı tələbələr üçün infosessiya keçirilib.

İnfosessiyada BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Mərkəzinin müdiri  Gülçöhrə İbrahimova açılış nitqi ilə çıxış edərək tələbələrin karyera inkişafı istiqamətində həyata keçirilən əməkdaşlıq layihələrinin əhəmiyyətini vurğulayıb. 

Sonra çıxış edən SOCAR-ın İşə qəbul şöbəsinin rəisi Həmid İsrafilov şirkət tərəfindən gerçəkləşdirilən müxtəlif layihələrdən danışıb. Bildirib ki, “Gənc İstedadlar Proqramı 2026“ SOCAR-ın gənclərin peşəkar inkişafına, bacarıqlarının reallaşdırılmasına və gələcək kadr potensialının formalaşdırılmasına yönəlmiş strateji təşəbbüslərindən biridir. Proqram sayəsində tələbələr real istehsalat mühitində bilik və bacarıqlarını sınamaqla yanaşı, ölkənin enerji sektorunda gələcək karyeralarına möhkəm zəmin yaradırlar.    

Tədbirdə həmçinin SOCAR-ın İşə qəbul şöbəsinin insan resursları üzrə aparıcı mütəxəssisləri Xəyalə Cəlilzadə, Rəşad Ələkbərov və proses mühəndisi Nərmin Süleymanlı (BMU-nun “Kimya mühəndisliyi” ixtisasının 2023-cü il məzunu) çıxış ediblər. Çıxışlarda proqramın məzmunu, seçim mərhələləri, iştirakçılara təqdim olunan imkanlar barədə geniş məlumat verilib. Qeyd edilib ki, proqram çərçivəsində yuxarı kurs və magistr tələbələrinə real iş mühitində təcrübə qazanmaq, peşəkar mentorlardan öyrənmək, müxtəlif layihələrə qatılmaq, şəxsi və peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı yaradılır. Eyni zamanda, iştirakçılar zəngin elektron öyrənmə platformalarından yararlana, çoxşaxəli və inklüziv mühitdə fəaliyyət göstərə bilərlər.

İnfosessiya zamanı vakant təcrübə istiqamətləri, proqram müddətində iştirakçılara aylıq ödənişin təqdim olunması, təcrübə göstəricilərinə əsasən SOCAR-da daimi işə qəbul imkanının nəzərdə tutulması da diqqətə çatdırılıb (https://careers.socar.az/internshiplist).

Sonda tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi  

Digər xəbərlər