Koreya (Cənubi) Respublikasının paytaxtı Seul şəhərində Azərbaycanın bu ölkədəki Səfirliyi tərəfindən 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Bakı Mühəndislik Universiteti ilə İNHA arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində hazırda Koreyada təhsil alan azərbaycanlı tələbələr, diplomatik missiyaların nümayəndələri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tədbirin açılışında Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov çıxış edərək, Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi və siyasi əhəmiyyətindən danışıb. Səfir qeyd edib ki, bu gün Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasının rəmzi kimi qeyd olunur və ölkəmizin müasir tarixində xüsusi yer tutur. O, həmçinin Koreya Respublikası ilə Azərbaycan arasında münasibətlərin inkişafından bəhs edərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə uğurla davam etdiyini vurğulayıb.
Tədbir Zəfər Gününə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi