BMU-da “Şuşa Azərbaycanın musiqi qalasıdır” adlı tədbir

07 Noyabr 2025
BMU-da “Şuşa Azərbaycanın musiqi qalasıdır” adlı tədbir

Bakı Mühəndislik Universitetində (BMU) Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyi çərçivəsində “Şuşa Azərbaycanın musiqi qalasıdır” adlı seminar keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva Şuşanın Azərbaycan mədəniyyətindəki əvəzsiz rolundan, onun zəngin musiqi irsinin beynəlxalq səviyyədə geniş tanıdılmasının önəmindən danışıb. Həmçinin qeyd edib ki, Şuşanın mədəni simasının qorunması və gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının borcudur. 

Sonra kafedranın dosenti Qafar Ocaqlı tərəfindən ərəb dilinə tərcümə edilən “Azərbaycanın musiqi qalası- Şuşa” əsəri təqdim olunub. Bildirilib ki, tanınmış müsiqişünas professor Zemfira Səfərovanın yazdığı bu əsərdə Şuşanın Azərbaycan musiqisinin formalaşmasındakı rolu, muğam məktəbinin inkişafı və bu məktəbin yetişdirdiyi dahilər – Mir Möhsün Nəvvab, Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Sadıqcan, Bülbülcan, Üzeyir Hacıbəyli kimi sənətkarların zəngin irsi elmi əsaslarla təhlil edilib. Habelə əsərdə muğamla ərəb “Məqam” ənənəsi arasında dərin mənəvi oxşarlıqların elmi şəkildə göstərilməsi Şərq musiqisinin ortaq köklərinə işıq salır. Ərəb dilinə tərcümə sayəsində isə Azərbaycan musiqisinin inciləri Şərq aləminə tanıdılır, mədəni əlaqələr daha da möhkəmlənir.

Daha sonra kafedranın professoru Şikar Qasımov və Memarlıq və inşaat fakültəsinin dekan müavini Namiq Abbasov çıxış ediblər. Çıxışlarda Şuşa və Qarabağın zəngin mədəni tarixi, bu torpaqların Azərbaycan mədəniyyətində oynadığı mühüm roldan geniş bəhs olunub, eyni zamanda Vətən müharibəsindəki Qələbədən sonra Şuşada keçirilən beynəlxalq musiqi festivalları və mədəni tədbirlərin şəhərin artıq yalnız Azərbaycanın deyil, bütün dünyanın mədəniyyət paytaxtına çevrilməsini sübut etdiyi vurğulanıb.  

Seminar zamanı belə tədbirlərin tələbələrin elmi-mədəni biliklərinin zənginləşməsi, mənəvi dəyərlərə bağlılığının güclənməsində rolu da qeyd edilib.     

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər