Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında icra edilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) iki məzunu Azərbaycan Diplomatik Akademiyası ilə Corc Vaşinqton Universiteti (ADA-CVU) arasında gerçəkləşdirilən proqrama qəbul olunub.
BMU-İNHA İDP-nin “Elektronika mühəndisliyi” ixtisasından bu il məzun olan Azadxan Eyyubov və Murad Mazanlı təhsillərini ADA-CVU beynəlxalq ikili diplom proqramının “Kompüter mühəndisliyi və yüksək performanslı hesablama” ixtisası üzrə magistratura səviyyəsində davam etdirəcəklər.
BMU-İNHA İDP məzunları proqram çərçivəsində öz ixtisasları sahəsində bakalavr səviyyəsində keyfiyyətli təhsil alaraq qlobal bazarda tələb olunan bacarıqlara yiyələnib, həmçinin Koreyada təcrübə keçməklə təhsillərinin növbəti səviyyələri, gələcək karyeraları üçün əhəmiyyətli praktiki biliklər qazanıblar.
2020-ci ildən icra edilən BMU-İNHA İDP-yə ümumilikdə 400 tələbə qəbul olunub. İndiyədək proqramı uğurla bitirən 143 məzunun bir qismi dünyanın tanınmış universitetlərində magistratura təhsili alır, bir qismi isə aparıcı şirkətlərdə peşəkar fəaliyyət göstərir. 3+1 modelinə əsaslanan proqram çərçivəsində hazırda 114 tələbə İNHA Universitetində IV kursda təhsilini davam etdirir.
İctimaiyyətlə əlaqələr şöbəsi