BMU ilə RİNN-in Elektron Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib

18 Noyabr 2022
BMU ilə RİNN-in Elektron Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəhbər şəxsləri ilə görüş keçirilib.

Tədbir universitetin sonuncu kurs tələbələrinin təcrübə proqramlarına seçilməsi, məzunların işə cəlb edilməsi, qarşılıqlı əməkdaşlıq müqaviləsi haqqında müzakirələrin aparılması məqsədilə təşkil olunub.

Görüşdə BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Kompüter və informasiya texnologiyaları kafedrasının müdiri Manafəddin Namazov, Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev, Təcrübə şöbəsinin müdiri Həzi Qasımov, Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Amil Babayev, Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimova çıxış edərək fikir və təkliflərini bildiirblər. Qeyd edilib ki, xarici ölkələrin təhsil müəssisələri ilə yaxından əlaqə quran BMU beynəlxalq proqram və layihələrdə rəhbər, eyni zamanda tərəfdaş qismində iştirak edir. Bu münasibətlər fonunda prioritet istiqamət kimi informasiya texnologiyaları (İT) sahəsində sıx əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə səy göstərən BMU-da informasiya təhlükəsizliyi üzrə bir sıra yeni laboratoriyanın fəaliyyətə başlaması nəzərdə tutulur. Bildirilib ki, ali təhsil müəssisələrinin məzunlarının əmək bazarının tələbatına uyğun peşəkar kadr kimi yetişdirilməsi üçün istehsalat və təhsil sahəsinin birgə əməkdaşlığı aktuallığını saxlayır. Bu baxımdan, BMU-da tədris olunan İT ixtisasları üzrə ETX mütəxəssisləri tərəfindən mentorluq dəstəyi, seçmə fənlərin tədrisi, tələbələr üçün təlim və görüşlərin təşkili, tələbələrin RİNN-in müvafiq müəssisələrində istehsalat təcrübəsinə cəlb olunması, həmçinin həmin müəssisələrə turların təşkili və s. əməkdaşlığın əsas istiqamətləri kimi qarşılıqlı fayda verə bilər.

BMU-nun ən yaxşı kadr yetişdirən ali təhsil müəssisələrindən biri olduğunu qeyd edən RİNN-in Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev hazırda İsrailin Texnion Universitetinin birgə reallaşdırdıqları proqram haqda ətraflı məlumat verib. O, qeyd edib ki, proqrama qəbul olunan şəxslər 6 ay müddətində Texnion Universitetinin professor-müəllim heyətinin keçəcəyi təlimlərdə iştirak edəcəklər. İştirakçılar şəbəkə, proqramlaşdırma, əməliyyat sistemləri ilə bağlı biliklər əldə etməklə yanaşı, kibertəhlükəsizlik sahəsində müxtəlif istiqamətlər üzrə ixtisaslaşacaqlar. BMU ilə əməkdaşlığın gücləndirilməsi təklifini də dəstəklədiklərini vurğulayan Ş.Əliyev növbəti illərdə universitet tələbələrinin bu proqramda iştirakının mümkün olduğunu bildiirb.

Görüşün sonunda tərəflər arasında qarşılıqlı maraq və tələbata əsaslanan istiqamətər üzrə əməkdaşlıq müqaviləsinin hazırlanması təklifinə baxılması və gələcək fəaliyyətin bu sənədə əsasən davam etdirilməsi vurğulanıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər