BMU ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq müzakirə olunub

01 May 2024
BMU ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq müzakirə olunub

Bakı Mühəndislik Universitetində (BMU) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nümayəndə heyəti ilə görüş keçirilib.

BMU ilə RİNN arasında nəqliyyatın idarə edilməsi sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyan görüşdə rektor Yaqub Piriyev nazirliklə yüksək səviyyədə qurulan sıx əlaqələrdən söz açıb. RİNN yanında Elektron Təhlükəsizlik Xidməti, nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə BMU-da keçirilən görüşlərdə müzakirə edilən istiqamətləri xatırladan rektor xüsusən ali təhsil müəssisəsinin tələbə və müəllim heyətinin müxtəlif texnoloji layihələrə cəlbi və iştirakında dəstəyi yüksək dəyərləndirib.

Son dövrlər nəqliyyatın idarə edilməsi üzrə ölkədə həyata keçirilən tədbirlərə toxunan Yaqub Piriyev bu sahədə səmərəli və keyfiyyətli xidmətlərin təşkili baxımından nəzəri və təcrübi biliklərin birləşdirilməsinin əhəmiyyətini, həmçinin uğurlu elmi yanaşmanın tətbiqi məqsədilə nazirliklə ali təhsil müəssisəsi arasında əməkdaşlığın mümkünlüyünü önə çəkib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, Nəqliyyatı Əlaqələndirmə Şurasının katibi Aida Bədəlova universitetlə sözügedən istiqamətdə əlaqələrin qurulmasına və dərinləşdirilməsinə böyük önəm verdiklərini vurğulayıb. Nəqliyyat sisteminin koordinasiyalı fəaliyyəti, eyni zamanda yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən danışan nazirlik rəsmisi nəqliyyat sisteminin tənzimlənməsi məqsədilə rəqəmsal əkizin (fiziki obyekti dəqiq əks etdirmək üçün nəzərdə tutulmuş obyekt və ya sistemin virtual təsviri) hazırlandığını da deyib.

RİİN-in Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin müdiri Vasif Əmiraslanov, şöbənin baş məsləhətçisi Rauf Səfərovun da iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran konkret sahələr üzrə geniş fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın ilkin istiqamətləri müəyyənləşdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər