BMU ilə O.P Jindal Qlobal Universiteti arasında əməkdaşlıq müzakirə olunub

05 Mart 2025
BMU ilə O.P Jindal Qlobal Universiteti arasında əməkdaşlıq müzakirə olunub

Bakı Mühəndislik Universitetində  (BMU) Hindistan Respublikasının O.P Jindal Qlobal Universitetinin (JGU) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə BMU-nun rektoru Yaqub Piriyev universitet haqqında qonaqlara ətraflı məlumat verib.  BMU-da ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığının həyata keçirildiyini bildirən rektor universitetin maddi-texniki bazası, müasir laboratoriyaları, elmi-tədqiqat imkanları, icra olunan ikili diplom proqramları, o cümlədən xarici ali təhsil qurumları ilə genişlənən əlaqələr barədə zəruri informasiyaları diqqətə çatdırıb. Universitetin nüfuzlu beynəlxalq reytinqlərdəki mövqeyinə də toxunan Yaqub Piriyev əldə olunan müsbət nailiyyətləri önə çəkib, habelə JGU ilə əməkdaşlığın mümkün istiqamətlərini qeyd edib.

JGU-nun İnstitusional inkişaf və strateji qlobal əməkdaşlıq idarəsinin direktoru Rahul Bhandari və Reytinqlər, müqayisəli təhlil, institusional transformasiya idarəsinin baş meneceri Svapnil S Bhosaleni BMU ilə tanışlıqdan məmnunluqlarını bildirib, eyni zamanda əməkdaşı olduqları ali məktəb haqqında geniş təqdimatla çıxış ediblər. Təqdimatda əsası 2009-cu ildə qoyulan, qısa müddətdə sürətli inkişaf yolu keçən JGU-nun çoxsahəli və tədqiqat yönümlü universitet olduğu, “QS World University Rankings 2023” tərəfindən Hindistanın bir nömrəli özəl universiteti olaraq seçildiyi, eləcə də maddi-texniki bazası, tələbə-müəllim heyəti barədə məlumatlar nəzərə çatdırılıb.  

Ardınca görüşdə iki universitetin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin istiqamətləri (təmiz su və sanitariya, bərpaolunan enerji və s) üzrə birgə tədqiqatlar aparması, müəllim-tələbə mübadiləsi, ikili diplom proqramlarının icrası kimi məsələlər müzakirə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi   

Digər xəbərlər