İndoneziyanın Negeri Surabaya Dövlət Universitetinin (UNESA) rəhbərliyi Bakı Mühəndislik Universitetində (BMU) olub.
Qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev rəhbərlik etdiyi universitetin yaranma tarixi, strukturu, tədris və elmi-tədqiqat fəaliyyəti haqqında geniş məlumat verib. BMU-nun kampusu və müasir laboratoriyalarından bəhs edən rektor universitetin bakalavriat səviyyəsinə 36 ixtisas üzrə builki qəbulun müsbət nəticələrindən və əldə olunan digər uğurlardan danışıb. Bu faktorların ali məktəbin inkişafının bariz göstəricisi olduğunu deyən Yaqub Piriyev universitetin son illər beynəlxalq əlaqələrinin formalaşmasına da diqqət çəkib. İndoneziya ali məktəbləri ilə əməkdaşlığın qurulmasının önəmini vurğulayan rektor UNESA və BMU arasında təməli qoyulan münasibətlərdən məmnunluğunu ifadə edib.
UNESA nümayəndə heyətinin üzvləri öz çıxışlarında təmsil etdikləri ali məktəb haqqında məlumat veriblər. Bildirilib ki, 1964-cü ildə yaradılan universitetdə 14 fakültə fəaliyyət göstərir, burada həmçinin mühəndislik ixtisasları da tədris olunur və ümumilikdə 60 mindən çox tələbə təhsil alır. BMU ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını deyən qonaqlar əlaqələrin hər iki tərəf üçün faydalı olacağına əminliklərini vurğulayıblar.
Görüşdə elmi-tədqiqat, müəllim, tələbə mübadiləsi, QS və başqa istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonra iki universitet arasında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Təhsil, tədqiqat, innovasiya sahəsində əməkdaşlıq əlaqələrinin qurulması məqsədini daşıyan memorandumda tələbə və akademik heyətin mübadiləsi, birgə tədqiqat və dərəcə proqramlarının yaradılması, birgə tədbirlərin təşkili və s. nəzərdə tutulub.
İmzalanma mərasiminin ardınca qonaqlar BMU-nun kampusu, kibertəhlükəsizlik, kimya, mekanika laboratoriyaları ilə yaxından tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi