BMU ilə ABŞ səfirliyi arasında icra olunan layihənin başa çatması münasibətilə tədbir keçirilib

08 İyul 2022
BMU ilə ABŞ səfirliyi arasında icra olunan layihənin başa çatması münasibətilə tədbir keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin Xarici dillər kafedrası ilə ABŞ səfirliyinin İctimai əlaqələr üzrə departamenti arasında gerçəkləşmiş ilk beynəlxalq əməkdaşlıq layihəsi başa çatıb. Bu münasibətlə keçirilən tədbirdə ABŞ səfirliyinin Mədəniyyət məsələləri üzrə müşaviri Richard Pinkham, Virtual ingilis dili proqramının menecerı  Sabina Abdullayeva, BMU-nun Pedaqoji fakültəsinin dekanı Elşad Abdullayev,  Xarici dillər kafedrasının müdiri və layihənin BMU üzrə  koordinatoru  Ətrabə Gül, həmçinin təlimə qoşulan müəllim heyəti iştirak edib.

Tədbirdə bildirilib ki, xarici dil tədrisində dünyadakı  yeni metodlar və “TESOL” üzrə mütəxəssis olan ABŞ vətəndaşı Michael Moak tərəfindən BMU-da ingilis dilini tədris edən müəllimlərə “Akademik məqsədlər üçün ingilis dili” proqramı çərçivəsində təlimlər keçirilib.  “Layihə əsaslı öyrənmə və tənqidi pedaqogika”, “ESL dərs planı”, “TESOL metodologiyası”, “Peşəkar inkişaf təlimləri və peşəkar öyrənmə şəbəkələrinin təşkili” və digər mövzularda reallaşan təlimlər həm virtual, həm də canlı olaraq baş tutub. İki semestr müddətində davam edən təlim proqramı çərçivəsində müəllimlər müasir ingilis dili metodikası, tədris texnikaları və s. istiqamətlər üzrə dərsləri praktiki məşğələlərlə öyrənərək, öz işlərində tətbiq etmək imkanı əldə ediblər.

Səfirliyin təmsilçiləri müəllimlərin təlimlərdə iştirakını yüksək qiymətləndiriblər. Çıxış edənlər təlimə qatılan bütün müəllimləri proqramı uğurla başa vurduqlarına görə təbrik edib və BMU ilə əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliklərini dilə gətiriblər.

Sonra təlim proqramının uğurla həyata keçirilməsində xüsusi əməyi olan layihənin BMU üzrə koordinatoru Ətrabə Gülə ABŞ səfirliyinin təşəkkür sertifikatı təqdim edilib. Eyni zamanda təlimi müvəffəqiyyətlə başa vuran müəllimlərə sertifikatlar verilib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər