BMU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

29 Fevral 2024
BMU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bakı Mühəndislik Universiteti (BMU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki yığıncağı keçirilib.

İclasda öncə BMU HİK-in sədri Həzi Qasımovun komitənin ötən dövr ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilib. Hesabatda təşkilatın gəlir və xərclər smetasının icra vəziyyəti, o cümlədən universitetdə kollektivin asudə vaxtlarının səmərəli təşkili, müxtəlif xarakterli mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması, onların istirahətinin və sosial müdafiəsinin gücləndirilməsi istiqamətləri üzrə yerinə yetirilən işlər nəzərə çatdırılıb.

Səsə qoyulan hesabat  qənaətbəxş hesab edilib.

Sonra çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə H.Qasımovun təşkilata sədrlik etdiyi illər ərzində fəallığı, təşəbbüskarlığını xüsusi vurğulayıb. Bildirib ki, BMU HİK-in ötən dövr ərzindəki fəaliyyəti şəffaflıq və humanistlik üzərində qurulub. Prorektor BMU HİK-in ayrı-ayrı istiqamətlərlə yanaşı, sosial durumu həssas olan əməkdaşlara göstərdiyi diqqətdən də danışıb,  ümumilikdə komitənin fəaliyyətinin müsbət olduğunu deyib.

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə isə çıxışında təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, ikitərəfli, eləcə də kollektiv müqavilələrlə tənzimlənən əmək münasibətləri, işçilərin hüquq və vəzifələri kimi məsələləri önə çəkib. BMU HİK-in ötən zaman kəsiyində gördüyü işlərə də toxunan sədr müavini ATİAHİ ilə sıx əməkdaşlıq edən komitənin fəaliyyətini müsbət dəyərləndirib.

Çıxışlardan sonra BMU və ATİAHİ rəhbərlikləri adından H.Qasımova səmərəli fəaliyyətinə görə fəxri fərmanlar təqdim olunub.

Sonra komitənin rəhbər strukturlarının yeni tərkibi müəyyənləşib. BMU-nun əməkdaşı Şikar Qasımov səsvermə yolu ilə HİK-in yeni sədri seçilib. Ş.Qasımov ona göstərilən etimada görə təşəkkürünü bildirib və vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacağını ifadə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər