Kitab logistika və nəqliyyat sahəsində ali məktəblər üçün Azərbaycan dilində yazılan ilk dərslikdir
Bakı Mühəndislik Universitetinin (BMU) Mexanika mühəndisliyi kafedrasının dosentləri Bəxtiyar Namazov və Rauf Məmmədovun müəllifi olduqları “Logistikanın əsasları” adlı kitab işıq üzü görüb. Nəşr logistika və nəqliyyat texnologiyaları sahəsində ali məktəblər üçün Azərbaycan dilində yazılan ilk dərslikdir.
Dərslik logistikanın nəzəri və metodoloji əsaslarını Azərbaycan oxucusuna, o cümlədən bu istiqamətin bakalavriat və magistratura tələbələrinə, mütəxəssislərə, elmi tədqiqatçılara anlaşıqlı, sadə dildə çatdırmaq, onlara nəzəri, eləcə də praktiki fəaliyyətlərində yardımçı olmaq məqsədilə yazılıb.
Nəşrin strukturu logistikanın əsas funksional və inteqrasiya olunmuş sahələrini əhatə edir. Kitab Logistikanın konseptual əsasları, Tədarük logistikası, İstehsal logistikası, Bölüşdürmə logistikası, Logistikada ehtiyatlar, Anbar logistikası, Logistikada tara və qablaşdırma, Nəqliyyat logistikası, İnformasiya logistikası, Təchizat zəncirinin idarə edilməsi adlı 10 fəsildən ibarətdir.
Dərslikdə logistikanın müasir konseptual məsələlərinin ətraflı izahı verilib, logistikanın funksional sahələri, logistik prosesin iştirakçıları xarakterizə olunub. Eyni zamanda, material, maliyyə, informasiya axınlarının rasional təşkili hesabına logistik fəaliyyətin effektivliyinin yüksədilməsi üçün metodlar təsvir edilib. Kitabdan ali təhsil müəssisələrinin bakalavriat və magistratura pilləsinin tələbələri, həmçinin istehsal proseslərinin, tədarük, bölüşdürmə, nəqliyyat, ticarət və bu kimi fəaliyyət sahələrinin mütəxəssisləri yararlana bilərlər.
Qeyd edək ki, “Logistikanın əsasları” tədris fənni kimi Azərbaycan Respublikası Ali təhsil pilləsinin dövlət standartında “050658-Logistika və nəqliyyat texnologiyaları” ixtisasının fənlər blokuna salınıb. Bununla yanaşı, Təhsil nazirinin 21 oktyabr 2019-cu il tarixli əmri ilə ali məktəb tələbələri üçün dərslik kimi təsdiq edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi