Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun birgə həyata keçirdiyi “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində Seul şəhərində təşkil olunan “2024 K-İnnovasiya Təlim Proqramı”nda (texnologiya startapları üçün təlimçilərin təlimi) iştirak ediblər.
Vurğulamaq vacibdir ki, texnologiya startapları ilə bağlı təlimlər üç hissədən ibarətdir və ilk təlim cari ilin iyul ayında onlayn formada, koreyalı professorların təqdimatında keçirilib. Təlimdə BMU-nun 3 əməkdaşı - Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov, Texnoparkın direktoru İsa Qasımov, Texnoparkın mütəxəssisi Nərmin İsmayılova və ölkəmizdən ümumilikdə 17 nəfər iştirak edib.
Təlimlərin ikinci hissəsi isə 25-29 avqust tarixlərində Seulda baş tutub və sonda 6 iştirakçıya, o cümlədən BMU Texnoparkının direktoru İ.Qasımov və mütəxəssisi N.İsmayılovaya sertifikatlar təqdim olunub.
Seula səfər zamanı təlim iştirakçıları, eyni zamanda Azərbaycan Respublikasının Koreyadakı səfiri Ramin Həsənovla görüşərək innovasiya ekosisteminin problemləri və fürsətlər haqqında müzakirələr aparıblar.
Yüksək texnologiyalar təklif edən startaplar üzrə təlimçilərin hazırlanmasına əsaslanan təlimin kurikulumu qlobal miqyaslı “I-Corps” təlim proqramının bazası əsasında hazırlanıb. “I-Corps” təlim proqramı ABŞ-nin Milli Elm Fondunun təşəbbüsüdür, tədqiqatçılara elmi kəşflərini kommersiya məhsul və xidmətlərinə çevirməkdə kömək etmək üçün nəzərdə tutulub. Proqram alim və mühəndislərə öz innovasiyalarını bazara çıxarmaq üçün lazımi bacarıq və biliklər verməklə onların sahibkarlıq fəaliyyətini inkişaf etdirmək məqsədi daşıyır.
Təlim proqramının üçüncü hissəsinin sentyabr ayında onlayn formada keçirilməsi planlaşdırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi